İsrail-İran müharibəsi: Cənub qonşumuzdakı münaqişə Azərbaycanın təhlükəsizliyinə hansı riskləri yaradır?

Yaxın Şərqdə yeni bir müharibə alovlanıb. İsrail və İran arasında başlayan birbaşa silahlı toqquşmalar artıq regionun geosiyasi mənzərəsini dəyişməkdədir. İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr, İranın isə İsrail şəhərlərini raket atəşinə tutması dünyanın diqqətini bu münaqişəyə yönəldib. Bəs bu hadisələrin Azərbaycan üçün doğurduğu təhlükələr nələrdir? Azərbaycan cəmiyyətində radiasiya qorxusu nə dərəcədə əsaslıdır? Və illərdir bağlı qalan quru sərhədlərimiz bu dəfə təhlükəni necə dəf etməyə kömək edir?
İsrailin İranın Natanz, Fordo kimi nüvə obyektlərini hədəfə alması bir çox ölkələrdə, o cümlədən Azərbaycanda narahatlıq doğurub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə radiasiya buludlarının ölkəmizə yayıla biləcəyi barədə fərziyyələr səsləndirilir. Mövzu üzrə ekoloqlar və mütəxəssislər bildirirlər ki, hazırda belə bir təhlükə çox azdır. Çünki: Hücum edilən nüvə obyektləri Azərbaycan sərhədindən yüzlərlə kilometr uzaqdadır (ən yaxın obyekt təqribən 250-300 km aralıdadır.
Radiasiya buludlarının bu məsafəni qət edərək ölkəmizə çatması üçün xüsusi hava şəraiti — cənubdan şimala istiqamətlənmiş güclü küləklər, spesifik iqlim faktorları tələb olunur.
Beynəlxalq nüvə müşahidə orqanları (MAQATE kimi) hələlik ciddi radiasiya sızıntısını təsdiqləməyib.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər: “Situasiya dəyişə bilər, buna görə də radiasiya fonu davamlı monitorinq edilməli və nəticələr ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır.”
Azərbaycan 2020-ci ildən bu yana quru sərhədlərini bağlı saxlayırdı. Pandemiya dövründə zəruri addım kimi atılmış bu qərar zamanla bəzən tənqid obyektinə çevrildi. Lakin hazırkı təhlükəli geosiyasi vəziyyətdə sərhədlərin bağlı qalması aşağıdakı üstünlükləri ortaya çıxarır:
Qanunsuz miqrasiyanın və qaçaqmalçılığın qarşısı alınır. Müharibə şəraitində regionda qeyri-qanuni hərəkətlər və silah axını riski artır. Sərhədin qapalı qalması bu təhlükəni minimuma endirir.
Radiasiya təhlükəsinə qarşı bufer rolunu oynayır. İnsan və yük axınının olmaması radiasiya və digər ekoloji təhlükələrin ölkəyə daxil olmasını gecikdirə və ya qarşısını ala bilər.
Təhlükəsizlik qüvvələrinin nəzarəti güclənir. Bağlı sərhədlər şəraitində sərhəd zonasında risklər daha asan monitorinq olunur.
Bu baxımdan, illərdir bağlı sərhədlər bəzən “gözə görünməyən təhlükəsizlik qalxanı” rolunu oynayır.
Regiondakı münaqişənin uzanması və genişlənməsi ehtimalı Azərbaycanın aidiyyəti qurumlarını daim hazırlıqlı olmağa vadar edir. Mütəxəssislər və təhlükəsizlik analitikləri bir neçə əsas addımı vacib sayır:
Radiasiya monitorinqi gücləndirilməlidir. Sərhəd bölgəsində, Xəzər sahilində, böyük şəhərlərdə radionuklid səviyyəsi gündəlik yoxlanılmalı və nəticələr ictimaiyyətlə paylaşılmalıdır.
Fövqəladə planlar aktivləşdirilməlidir. Əgər münaqişə daha geniş miqyas alarsa, qaçqın axını və humanitar problemlər yarana bilər. Bu risklərə qarşı hazır planlar praktik tədbirlərlə təmin edilməlidir.
Beynəlxalq platformalarda fəal diplomatiya aparılmalıdır. Azərbaycan regional sabitlik və sülhə dəstək verən təşəbbüslərin bir parçası olmalıdır.
İsrail-İran müharibəsi bir daha sübut etdi ki, Azərbaycan kimi həssas coğrafiyada yerləşən ölkələr üçün sabitlik və təhlükəsizlik heç vaxt təminatlı deyil. Hazırda birbaşa hərbi təhlükə görünməsə də, ekoloji, humanitar və iqtisadi təsirlər gündəmdə qalır. Azərbaycan üçün hazırkı vəziyyətdə sərhədlərin bağlı qalması bir üstünlük kimi dəyərləndirilə bilər, lakin bu, təhlükəni tam aradan qaldırmır. Hər bir vətəndaş və qurum bu həssas dövrdə daha ayıq və məsuliyyətli olmalıdır.
Namiq Ağayev