Gədəbəydə icra məmuru saxta qazidir? – Tanınmış jurnalistin araşdırması rezonans doğurdu

Gədəbəydə icra məmuru saxta qazidir? – Tanınmış jurnalistin araşdırması rezonans doğurdu
Gədəbəy rayonunda yüksək vəzifə tutan məmurun fəaliyyəti sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Söhbət Gədəbəy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi Əlövsət Bayramovdan gedir. Rayon sakinlərinin bildirdiyinə görə, bu şəxs qanunsuz əməllərlə rayonda narazılıq doğurur.
Mövzu tanınmış jurnalist Elşad Barat tərəfindən sosial şəbəkələrdə gündəmə gətirilib. Elşad Barat şəxsi "Facebook" səhifəsində və digər platformalarda Gədəbəy sakinlərinin konkret şikayətlərini, fakt və iddiaları paylaşaraq diqqətləri məsələyə yönəldib.
Şikayətçilərin iddialarına görə, Əlövsət Bayramov uzun illər ərzində kəndlərdə torpaq sahələrini qanunsuz zəbt edib, həmin ərazilərdə obyektlər tikdirib. Bildirilir ki, Bakıda da ona məxsus çoxsaylı obyektlər mövcuddur və sakinlər yaxın günlərdə bu obyektlərin fotolarını təqdim edəcəklər.
Rayonda su probleminin də Əlövsət Bayramovun adı ilə bağlı olduğu iddia olunur. Şikayətlərə əsasən, o, yeraltı su mənbələrinin istifadəsini məhdudlaşdıraraq kənd sakinlərini su sarıdan əziyyətə salır.
Əlövsət Bayramovun guya saxta qazi vəsiqəsi aldığı, oğlunun hərbi biletinin saxta olduğu barədə də iddialar var. Həyat yoldaşı Gülyanə Bayramovanın saxta psixoloq diplomu ilə hazırda Zamanlı kənd orta məktəbində psixoloq işlədiyi də şikayətçilər tərəfindən qeyd olunur. Onun oğlu Səxavət Bayramovun Ukrayna mənşəli saxta diplomla hazırda rayon prokurorluğunda işlədiyi iddia edilir.
Elşad Baratın paylaşdığı məlumatlara əsasən, Əlövsət Bayramovun qardaşı Arif Bayramov 1993-cü ildə Qaçqınkom-da vəzifədə çalışarkən Başkənd əməliyyatı zamanı dağıdılmış kəndlərin bərpasına ayrılmış vəsaitləri mənimsədiyinə görə ulu öndər Heydər Əliyevin göstərişi ilə həbs edilmişdi.
Mövzu ictimai maraq doğurduğu üçün hüquq-mühafizə orqanlarının məsələyə münasibəti və araşdırmaların nəticələri gözlənilir. Birxeber.az olaraq, qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq və bu barədə rəsmi müraciətlər ünvanlanıb.
Mövzunu sosial şəbəkədə ilk gündəmə gətirən jurnalist Elşad Barat yeni faktlar topladığını və yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyini bildirib.