Cəlilabadın tarixi obyektlərinə laqeyidlik ilk olaraq bilgisizlik və mahiyyətin anlaşılmamasından doğur- Elşad Əmənov

Cəlilabadın tarixi obyektlərinə laqeyidlik ilk olaraq bilgisizlik və mahiyyətin anlaşılmamasından doğur- Elşad Əmənov

Birxeber.az saytının növbəti müsahibi Cəlilabad tarıxının araşdırılmasında

əvəzsiz xidmətləri olan tarixçı-araşdırmaçı, təqaüddə olan tarix müəllimi Elşad Əmənovdur.

 

    Elşad müəllim, hər şeydən əvvəl, çoxsaylı oxucularımız adından sizi salamlayıram və müsahibəyə vaxtınızı ayırdığınız üçün minnətdarlığımı bildirirəm.

    – Çox sağ olun, Namiq müəllim, saytınıza uğurlar arzu edirəm. İnşallah, oxucularımızla maraqlı mövzuları müzakirə etməyə çalışacağam.

 

    O zaman müsahibəmizin ilk sualı belə olacaq: Uzun müddət tarix müəllimi kimi Vətənimizin tarixini şagirdlərinizə sevdirmisiniz. İndi isə yaş həddi ilə əlaqədar işləmirsiniz. Sizcə, bu illər ərzində şagirdlərə nəyi daha yaxşı çatdıra bilərdiniz, amma edə bilməmisiniz?

    – Konkret elm sahələrindən fərqli olaraq, humanitar fənlərin tədrisi çətindir. Çünki ictimai-siyasi quruluş dəyişdikcə ideoloji siyasət də dəyişir. Humanitar sahələr ideologiyaya xidmət etdiyindən bu fənlərin mövzuları yenilənir, hadisələrə yeni aspektdən yanaşma tələb edir. Belə şəraitdə tarix müəllimləri daha həssas, çevik olmalıdırlar. Onlar mövzuların tədrisi prosesində keçmişlə müasirlik arasında əlaqə yaratmaqda, şagirdlərə nəzəri və praktik vərdişlərin aşılanmasında əvəzedilməz rola malik olmalıdırlar. Mən pedaqoji fəaliyyətim dövründə çalışmışam ki, bu prinsiplərə bacardığım qədər əməl edim. Digər fənn müəllimləri kimi, mən də tədris etdiyim fənnin mahiyyətini şagirdlərimə daha ətraflı başa salmağa çalışmışam. 

   Hər bir şagird dərk etməlidir ki, tariximiz bizim bir növ şəxsiyyət vəsiqəmizdir. Bu şəxsiyyət vəsiqəsinə yalnız qanla yazılmış – göz yaşlarımızla oxuduğumuz tariximizi öyrəndikdə nail oluruq. Tariximizin tədrisində mənim əsas qayəm bu prinsipləri həyata keçirməkdir. Nail ola bilmədiklərim də çoxdur. Bunlar, əsasən, aşağıdakılardır: a) ərazilərimizdə mövcud olan tarixi yerlərə ekskursiyalar təşkil edə bilmədim. Ona görə ki, tədris proqramında bunlar nəzərə alınmamışdır. Həm də bəzi əlavə bürokratik əngəllər yaradılır. Bunlar barədə isə geniş danışmaq istəmirəm. b) Dünya ölkələrinin siyasi tarixini öyrəndiyimiz halda, doğma kəndimizin – yaşadığımız ərazinin tarixini, yer, dağ, çay, qədim təsərrüfat, sənət sahələrini, qədim adət və rituallarımızı, qədim uşaq oyunlarımızı, milli bayramlarımızın tarixini öyrədə bilmədim (nadir hallarda səthi izahlarımdan başqa). Bu məsələlər tarixin tədrisində çatışmayan sahələrdir. Ancaq vacib olan məsələdir. Düşünürəm ki, orta məktəblərdə “Regionlar tarixi” adlı bir fənn də tədris olunmalıdır.

   Siz uzun zamandır ki, Cəlilabad tarixini araşdırırsınız. Nələrə nail olmusunuz?

   – İlk olaraq qeyd edim ki, təsadüfi tapıntılar əsasında 170-ə yaxın məqalə yazmışam. Bu tapıntılar zamanı toplanmış 1227 ədəd eksponatı Cəlilabad rayon Tarix-diyarşünaslıq muzeyinə (mütləq əksəriyyətini müvafiq aktla) təhvil vermişəm. Bir kitabım nəşr olunub. Cəlilabad ərazisində 9 qədim daş salnamə tapmışam. Araşdırmalarım nəticəsində Cəlilabad tarixinin türk dünyası tarixinin bir parçası olduğu qənaətinə gəlmişəm. 10-a yaxın qədim qaya təsvirinin, simvolların mənasını aça bilmişəm.

   – Sizcə Cəlilabadın tarixini lazımı qədər araşdıra bilmisinizmi?

    – Mən 1980-ci ildən başlayaraq tarixi araşdırmalarla məşğulam. Bu sahə ixtisasıma uyğun olduğu üçün daim diqqət mərkəzimdə olub. Paralel olaraq, folklor sahəsinə də marağım böyük olub. 2006-cı ildən etibarən daha intensiv fəaliyyətdə olmuşam. Qeyd edim ki, Cəlilabadın tarixi az öyrənilib. Bu ərazidə tarixi mərhələlər bir-birini ardıcıl olaraq əvəzləyir. Cəlilabad ərazisndən tapılmış ən qədim daş alət Üst paleolitin son –  Mezolit dövrünün ilk mərhələsinə aiddir. Bu alət hal hazırda Tarix-Diyarşünaslıq muzeyində saxlanılır. Cəlilabad tarixini öyrənmək üçün uzun illər məşğul olmaq lazımdır. Mənim öyrəndiklərim dənizdə bir damladır.

   – Elşad müəllim, Cəlilabadda çoxlu tarixi obyektlər var, ancaq bunlara qarşı bir laqeydlik mövcuddur. Sizcə, bu nədən irəli gəlir?

   – Bəli, Cəlilabad ərazisində çoxlu tarixi obyektlər var. Onlara laqeyidlik ilk olaraq bilgisizlik və mahiyyətin anlaşılmamasından doğur. İkincisi, bu işlərlə maraqlanmalı olan şəxslər bu obyektləri sevməli, maraqlı olmalı, eyni zamanda, yaradıcı olmalıdırlar. Bir vətəndaşlıq borcu var, bir də vəzifə borcu. Təəssüf ki, vətəndaşlıq borcu çox vaxt arxa plana keçir. Hamımız bu sahəyə diqqətli olmalıyıq.

    – Hansı tarixi obyektlərdə araşdırma aparmağa ehtiyac var?

    – Tarixi obyektlərdə arxeoloji qazıntıların aparılması yalnız AMEA-nın Tarix institutuna aiddir. Qazıntıların planlaşdırılması, vəsaitin ayrılması, alimlərin ezam olunması bu təşkilatın səlahiyyət dairəsinə aiddir. Cəlilabadda bir neçə arxeoloji obyektdə ilkin nəticələrin əldə olunmasına baxmayaraq, işlər yarımçıq saxlanılıb. Kifayət qədər yeni obyektlər var. Ümid edirik ki, gələcək illərdə bu sahəyə də maraq artacaq.

   Bildiyimiz kimi, Qazan köşkündə araşdırmaları ilk dəfə siz aparmısınız. Konkret olaraq, orada nələri aşkar etmisiniz?

   – Qazan köşkü tarixi obyekt kimi min illərin yadigarıdır. İndiyə qədər bu məkanda arxeoloji qazıntı aparılmayıb. Bu səbəbdən də onun tarixi haqqında konkret fikirlər söyləmək çox çətindir. Obyektin Qazan köşkü adlandırılması onun tarixi mahiyyətini azaldır. Obyektin ətrafından tapılmış bəzi maddi sübutlar onun ən azı üç minillik tarixə malik olduğunu göstərir. Uzun müddət topladığım şifahi məlumatlar bu məkan haqqında daha maraqlı söz deməyə imkan verir. Ümumi şəkildə onu deyə bilərəm ki, bu tarixi məkanı Uyğur piramidaları ilə müqayisə etmək olar. Bu tip məkan Cəlilabad ərazisində tək deyil. Daha böyük, nəhəng bir abidəmiz var. Hələlik bu məkan heç kimin diqqətini cəlb etməyib. Son söz elmi araşdırmalar aparıldıqdan sonra deyiləcək. Hələ ki, belə bir araşdırma aparmaq haqqında fikir də söylənilməyib. Qazan köşkü sirli bir məkan kimi gələcəyə ümidini gələcəyə bağlayıb.

     Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

    – Sağ olun.               

Birxeber.az