BDU-nun laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib

Birxeber.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib.
Şəfa Əlizadə 1986-cı il sentyabrın 9-da Salyan rayonunda anadan olub. O, 1993–2004-cü illərdə 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. Daha sonra 2009-cu ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 2011-ci ildə isə magistratura pilləsini bitirib.
Elm yolunu davam etdirən Şəfa Əlizadə 2011-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktoranturaya qəbul olunub, 2017-ci ildə “Muğan düzü torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
O, 2012–2015-ci illərdə AMEA-da elmi işçi və laborant kimi fəaliyyət göstərib. 2015-ci ildən isə BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında laboratoriya müdiri vəzifəsində çalışırdı. Əsas tədqiqat sahəsi torpaqşünaslıq və torpaq ekologiyası ilə bağlı idi.
Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi Şəfa Əlizadənin vəfatından dərin kədər hissi keçirir, onun ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!