Azərbaycanın yeganə Kəl heykəlinə hücum –Cəlilabadda qədim abidə sındırılıb, hissələri itkin düşüb

Azərbaycanın yeganə Kəl heykəlinə hücum –Cəlilabadda qədim abidə sındırılıb, hissələri itkin düşüb

Cəlilabad, 14 oktyabr 2025

— Cəlilabad rayonunun Buravar kəndində yerləşən və orta əsrlərə aid olduğu ehtimal edilən qədim Kəl görkəmli başdaşı (heykəl) naməlum şəxslər tərəfindən zədələnib.

 

Əldə etdiyimiz məlumata görə, hadisə 2025-ci ilin oktyabr ayının birinci ongünlüyü ərzində baş verib. Müşahidələr zamanı heykələ qanunsuz müdaxilə edildiyi və onun bəzi hissələrinin sındırıldığı müəyyən olunub.

 

Buravar kənd qəbirstanlığında yerləşən bu heykəl 2006-cı ilin may ayında Cəlilabad tarixçiləri tərəfindən aşkar edilmişdi. Əvvəlcə abidənin “Kəl” və ya “Qoç” heykəli olması ilə bağlı tərəddüdlər mövcud idi.

 

2022-ci ildə əraziyə səfər etmiş müstəqil araşdırmaçı Sabit müəllim (Djodjulu) araşdırmalar zamanı heykəlin məhz Kəl heykəli olduğunu müəyyənləşdirib. O, qeyd edib ki, bu abidə Borçalı bölgəsində yerləşən və sonradan Ermənistana aparılan oxşar bir heykəlin surətidir.

Hazırda həmin heykəl Üçmiədzin şəhərində “erməni sənət əsəri” kimi nümayiş etdirilir.

 

Beləliklə, Buravar kənd qəbirstanlığında mövcud olan Kəl heykəli hazırda Azərbaycan ərazisində yeganə nümunə hesab olunur.

 

Son müşahidələr nəticəsində aşağıdakı zədələr qeydə alınıb:

 Kəlin boyun hissəsi sındırılıb, sonradan xüsusi yapışqanla yapışdırılıb;

 Çənə hissəsi sındırılıb;

 Kəlin arxa hissəsindən təqribən 40–60 sm-lik hissə qoparılıb və ərazidə həmin hissə tapılmayıb.

 

Heykəlin uzunluğu təxminən 1,20–1,30 metr ölçülür, lakin ayaqları torpaqda qaldığı üçün tam hündürlüyünü müəyyənləşdirmək mümkün olmayıb.

Qəbirin içərisinə müdaxilə əlaməti olmasa da, görünür məqsəd heykəli sındıraraq hissələrə bölmək və qızıl tapmaq olub.

 

Məsələ ilə bağlı aidiyyəti dövlət və yerli qurumların məlumatlandırıldığı bildirilir. Araşdırmaların aparıldığı, hadisəyə hüquqi qiymət verilməsi üçün müvafiq tədbirlərin görüldüyü qeyd olunur.

 

Kəl heykəlləri Qafqaz və Cənubi Azərbaycan bölgələrində türk xalqlarının qədim qəbirüstü plastikasının nadir nümunələri sayılır. Onlar qəhrəmanlıq, kişilik və tayfa simvolikasını əks etdirir.

 

Buravar kəndindəki bu abidə isə bu gün Azərbaycanın ərazisində qalan yeganə Kəl heykəli kimi xüsusi tarixi və mədəni əhəmiyyət daşıyır.