Füzulidə imtahandan keçmiş namizədə vəzifə verilmədi – İddialar ciddi narahatlıq doğurur

Füzuli, Azərbaycan – Qarabağ Regional Təhsil İdarəsinin (QRTİ) 2023-cü ildə keçirdiyi direktor və direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin nəticələri əsasında müavin vəzifəsinə uyğun görülən Coşqun Sifahanovun bu günə qədər təyinat almaması ictimai narazılıq doğurub. Məsələ ilə bağlı şikayətçi Birxeber.az-a müraciət edib.
Coşqun Dünyamalı oğlu Sifahanov bildirib ki, imtahan və müsahibə mərhələlərini uğurla keçərək 28 bal toplamasına və müavinlik üçün uyğun namizəd kimi tanınmasına baxmayaraq, artıq iki ilə yaxındır ki, heç bir vəzifəyə təyinat almayıb. Onun sözlərinə görə, bu vəziyyətə səbəb kimi Füzuli rayon təhsil sektorunun müdiri Ramella Məmmədovanın şəxsi münasibətlərə əsaslanan müdaxilələri göstərilir.
“Ramella Məmmədova mənə açıq şəkildə dedi ki, sənin imtahanını keçərsiz sayıram, təkrar imtahan ver,” – deyə Sifahanov bildirir. O, əlavə edib ki, Füzuli rayon 39 nömrəli tam orta məktəbdə müavin yeri boşaldığı zaman belə onun təyinatı əngəllənib və əvəzində heç bir imtahan verməmiş keçmiş sektor əməkdaşı Zərəntac Məmmədova həmin vəzifəyə təyin olunub.
Coşqun Sifahanov həmçinin vurğulayıb ki, QRTİ tərəfindən bir il öncə təyinat prosesi başladıqda, Ramella Məmmədova onun adından xəbərsiz şəkildə “Coşqun müəllim ora getməyəcək” deyə rəy verib və bu, təyinatın qarşısını alıb.
Hazırda Füzuli rayonunun bir neçə məktəbində – o cümlədən Qarabağ kənd, II Mahmudlu kənd, Böyük Bəhmənli 2 nömrəli, 26 nömrəli, Mollaməhərrəmli kənd, Qayıdış qəsəbə 4 və 5 nömrəli tam orta məktəblərində müavin vəzifəsi boşdur. Buna baxmayaraq, Sifahanovun bu vəzifələrdən birinə təyin olunmasına imkan verilmir.
Şikayətçi ən son olaraq 21 may tarixində Ramella Məmmədovanın qəbulunda olduğunu və burada alçaldıcı ifadələrə və təhqirlərə məruz qaldığını bildirib: “Mənə dedi ki, hara istəyirsən, şikayət et.”
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən və Füzuli rayon təhsil sektorundan rəsmi cavab öyrəndikdə saytda yerləşdiriləcək.
Qeyd: Əgər iddialar təsdiqini taparsa, bu hal dövlət imtahanı əsasında seçilmiş namizədə qarşı ciddi hüquq pozuntusu və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilə bilər.