38 nömrəli məktəbdə özbaşınalıq iddiası: müəllimlər Emin Əmrullayevə müraciət etdi

38 nömrəli məktəbdə özbaşınalıq iddiası: müəllimlər Emin Əmrullayevə müraciət etdi

Bakı şəhəri, Yasamal rayonu A.Məmmədov adına 38 nömrəli tam orta məktəbin bir qrup müəllimi Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevə müraciət edib.

Müəllimlər məktəbdə “direktor əvəzi” kimi fəaliyyət göstərən Sona Abbasovanın idarəçilik üsulundan narazıdırlar.

Müraciətdə bildirilir ki, Sona Abbasova təhsil müəssisəsində sağlam və ədalətli mühit yaratmaq əvəzinə, qruplaşma yaradaraq kollektivdə qarşıdurma atmosferi formalaşdırıb:

 “Direktor əvəzi öz dərslərinə daxil olmur, baxmayaraq ki, 12 saat dərs yükü var. Halbuki bir saat belə dərsə girməyib. Məktəbdə bəzi müəllimlərə istədiyi vaxt dərsdən çıxmağa və ya gəlməməyə icazə verir, digərlərini isə əsassız danlayır və təzyiq altında saxlayır.”

Müəllimlərin sözlərinə görə, məktəb binası tədris prosesi üçün deyil, şəxsi məqsədlərlə istifadə olunur:

  “Dərsdən sonra öz ətrafındakı müəllimlərlə birlikdə hazırlıq keçir, məktəbin binasını sanki bazara döndərib. Həmçinin bir müəllimin adına iki sinif rəhbərliyi yazılıb, 11-ci sinifdə isə faktiki olaraq şagird yoxdur, amma həmin sinif üçün dərs yükü saxlanılıb.”

Müraciətdə qeyd olunur ki, bu hallar təhsil sistemində şəffaflıq və ədalət prinsiplərinə ziddir:

 “Direktor əvəzi dəfələrlə ‘mənim arxamda Bakı Şəhəri Təhsil İdarəsi dayanır’ deyərək müəllimlər arasında qorxu və inamsızlıq mühiti yaradıb. Bu davranışlar həm müəllimlərin motivasiyasını, həm də şagirdlərin təhsil keyfiyyətini aşağı salıb.”

Müəllimlər Təhsil Nazirliyindən yaranmış vəziyyətin obyektiv şəkildə araşdırılmasını və məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş ediblər.

Müraciətin sonunda müəllimlər bildiriblər ki, məktəbdə mövcud vəziyyətin davam etməsi tədris mühitinə ciddi zərbə vurur və məktəbin nüfuzuna mənfi təsir göstərir.

 Məsələ ilə bağlı Bakı Şəhəri Təhsil İdarəsinin  mövqeyini öyrənməyə çalışacağıq. Mövqeləri daxil olduqda Birxeber.az tərəfindən dərc ediləcək.

📅 Tarix: 21 oktyabr 2025