Bu ixtisaslara tələbat azalacaq
Son illər qlobal əmək bazarında baş verən sürətli dəyişikliklər bəzi ixtisaslara tələbatın azalmasına, bəzilərinin isə önə çıxmasına səbəb olur. Texnologiyanın sürətlə inkişaf etməsi gələcəkdə hansı sahələrin daha çox lazım olacağını indidən müəyyənləşdirməyi vacib edir. Bəs hansı ixtisaslara gələcəkdə artıq ehtiyac olmayacaq?
Təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a açıqlamasında bildirib ki, yaxın gələcəkdə, xüsusilə 2030–2035-ci illəri əhatə edən dövrdə bəzi sahələrə tələbat azalacaq:
“Həmin illərdə plan yerləri onsuz da az olan bir sıra ixtisaslarda – rejissorluq, operatorluq, mühasibatlıq, turizm bələdçiliyi və ümumilikdə turizm ixtisaslarında, eləcə də kitabxanaçılıq və informasiya istiqamətində azalma müşahidə oluna bilər. Eyni zamanda jurnalistika sahəsinə və hüquq ixtisasına tələbatın da müəyyən qədər azalacağı ehtimal edilir. Humanitar yönümlü pedaqoji ixtisaslardan bəziləri – laboratoriya şəraiti tələb etməyən, əsasən nəzəri və izah üzərində qurulan sahələr gələcəkdə əvvəlki qədər tələb olunmayacaq və bu istiqamətlər üzrə plan yerlərinin azaldılması gözlənilir”.
E.Əfəndinin sözlərinə görə, əmək bazarında daha çox ehtiyac duyulacaq ixtisaslar informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, süni intellekt, data analitikası, kompüter elmləri, kompüter mühəndisliyi, proqram təminatı mühəndisliyi və bu kateqoriyaya aid digər sahələr olacaq.
Birxeber