Serbiyalı mütəxəssislər BƏƏ-də raket zərbələrinin nəticələrini araşdıracaqlar

Serbiyalı mütəxəssislər BƏƏ-də raket zərbələrinin nəticələrini araşdıracaqlar

Serbiya ordusu üçün müxtəlif ölkələrdən daha çox hərbi sistemlər alınacaq və ölkəni qoruyacaq hərbi aparat yaradılacaq.

Birxeber.az  "Report"a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Una" kanalına müsahibəsində bəyan edib.

O qeyd edib ki, bu sistem müdafiə məqsədli olacaq, lakin ölkəyə hücum ediləcəyi təqdirdə hücum xarakterli fəaliyyətlərə də hazır olacaq:

"Biz müxtəlif ölkələrdən daha çox sistemlər alacağıq və bizi ciddi şəkildə qoruyacaq çoxqatlı aparat quracağıq. Eyni zamanda, əgər kimsə bizə hücum edərsə, hücum xarakterli fəaliyyətlərə də tam hazır olacağıq. Yəni ilk növbədə müdafiəni təmin edəcəyik, özümüzü qoruyacağıq, sonra isə lazım gələrsə, adekvat cavab verməyi də bacaracağıq".

A. Vuçiç qeyd edib ki, dünən axşam Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığında İranın bu ölkəyə son hücumu zamanı ölkənin müdafiə nəticələrini müzakirə edib.

"Biz hərbi məsələlər barədə danışdıq. O, əlbəttə, gözləntilərindən və digər məsələlərdən bəhs etdi, lakin əsasən, onların müdafiəsinin nəticələrini müzakirə etdik. Mənə dedi ki, bütün bunlar başa çatdıqdan sonra öz mütəxəssislərini göndər ki, hər şeyi yerində görsünlər və mən bunu böyük məmnuniyyətlə qəbul etdim", – deyə A.Vuçiç bildirib.

Prezident vurğulayıb ki, Serbiya ordusunun nümayəndələrinin qanadlı raketlər və ballistik mərmilərlə hücuma məruz qalma şəraitində müdafiənin necə təşkil olunduğunu və bu təhlükələrin hansı vasitələrlə zərərsizləşdirilə biləcəyini yerində görməsini istəyir.

A. Vuçiç diqqətə çatdırıb ki, Serbiyanın əvvəllər bu tip hücumlara qarşı heç bir müdafiə sistemi olmayıb: "Artıq vəziyyət fərqlidir. Bizim bu mərmiləri ciddi şəkildə zərərsizləşdirə biləcək vasitələrimiz var və bu, təsadüfi deyil".

Serbiya prezidenti İsrail müdafiə sisteminin çox yüksək səviyyədə olmasından da söz açıb: "Onlar öz "Dəmir Qübbə" sistemlərində müxtəlif vasitələrin kombinasiyasını qurublar, "Hermes" və "Sky Striker" sistemlərindən istifadə ediblər – bizdə də bu sistemlər var və yenilərini alırıq. Lakin onlar həm də bizdə olmayan "Barak" sistemindən istifadə ediblər. "Barak" son dərəcə vacib, çox bahalı, amma olduqca əhəmiyyətli sistemdir. İsrail müdafiə quruluşunda zirvəyə çatıb".

Onun sözlərinə görə, müəyyən hərbi bölmələr Kraquyevats, Niş, Novi Sad və ölkənin şimalında yerləşdirilib. Ən böyük qüvvə isə Belqrad və onun ətrafında cəmləşdirilib, çünki paytaxt qorunma baxımından ən vacib ərazidir.

Prezident Vuçiç əlavə edib ki, Serbiya Ordusunda süni intellektin tətbiqi də zəruridir: "Orduda da süni intellektdən istifadə vacibdir. Biz süni intellektin tətbiqi, proqram təminatı ilə avadanlığın inteqrasiyası, robototexnika və digər sahələr üzrə xüsusi bölmələr yaratmalıyıq".