Cəlilabadda yarımillik sosial-iqtisadi yekunlar müzakirə edilib

04 sentyabr 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətində 2025-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.
Birxeber.az xəbər verir ki, Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Müşavirə başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük dövlətçilik məktəbini dövrün reallıqlarından və müasir çağırışlardan doğan əhəmiyyətli yeniliklərlə zənginləşdirərək daha da möhkəmləndirmişdir. Son 22 il ərzində Azərbaycan modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoymuş, ölkənin siyasi, iqtisadi və mədəni həyatı kökündən dəyişmişdir. Bütün bunlar xalqımızın həyat səviyyəsinin yüksəlməsinə, mövcud problemlərin həll edilməsinə və dövlətlə xalqın vahid bir platformada birləşməsinə səbəb olmuşdur. Bütövlükdə ölkə üzrə olduğu kimi, rayonumuzda da 2025-ci ilin birinci yarısı uğurla başa çatmışdır.
Daha sonra başçının birinci müavini Qalib Xudaverdiyev Cəlilabad rayonunda 2025-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edərək, ötən rüb ərzində rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat vermişdir. Qalib Xudaverdiyev bildirdi ki, 2025-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafında idarə, müəssisə və təşkilatlar tərəfindən davamlı işlər görülmüşdür. 2025-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 416285.1 min manat olmuş, bunun 40465.5 min manatı sənayenin, 261917.4 min manatı kənd təsərrüfatı məhsulu istehsalının, 10082.4 min manatı tikintinin, 6675.0 min manatı nəqliyyat xidmətinin, 2650.3 min manatı informasiya və rabitə xidmətinin, 94494.5 min manatı isə ticarət xidmətinin payına düşür. 2025-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalı artmış, rayon ərazisində 46980 hektarda buğda, 13450 hektarda arpa, 4590 hektarda vələmir, 7520 hektarda noxud, 600 hektarda mərci, 60 hektarda lərgə, 3100 hektarda kartof, 125 hektarda tərəvəz, 75 hektarda qarğıdalı, 320 hektarda günəbaxan, 120 hektarda şəkər çuğunduru əkilmiş, 650 hektar çiyələk sahəsində və 1430 hektar isə üzüm bağında aqrotexniki işlər aparılır. Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 167140.0 ton buğda, 42335.0 ton arpa, 11650.0 ton vələmir, 7901.0 ton noxud, 660.0 ton mərci, 69.0 ton lərgə, 93044.0 ton kartof, 463.0 ton tərəvəz, 263.0 ton qarğıdalı, 18330.0 ton çiyələk istehsal olunmuşdur. Rayonda kümçülər tərəfindən 170.3 kiloqram barama istehsal edilərək təhvil verilmişdir.
Rayonun fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 2025-ci ilin birinci rübündə 349 ədəd 0.4 kVa, 184 ədəd 10 kVa elektrik dayağı, 496 ədəd izolyator dəyişdirilmiş, 266 ədəd transformator cari təmir olunmuşdur. Günəşli və Komanlı kəndlərinin və Göytəpə şəhərinin Valeh Heydərov küçəsində elektrik təsərrüfatının yenidən qurulması davam etdirilir. Rayonda əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Cəlilabad, Göytəpə şəhərlərində və rayonun kəndlərində ümumilikdə 8396 ədəd sayğac yenisi ilə əvəz edilmişdir. Rayon ərazisində 94 ədəd abonantlər üçün yeni sayğac quraşdırılmışdır. Cəlilabad rayonu ərazisidə 2 nəfər qazi evi qazlaşdırılmış,1431 ədəd qazsızma halları aradan qaldırılmışdır. Cəlilabad rayonunun Hacıməmmədli kəndinin qazlaşdırılması üçün küçələrə qaz kəməri çəkilmiş və hal-hazırda tamamlama işləri aparılır. Eyni zamanda “Azəriqaz” İB-nin Təmir-tikinti idarəsi tərəfindən rayonun Mehti Hüseyn küçəsindəki dalanlarda qaz kəmərlərinin yenilənməsi və çəkilməsi işləri davam etdirilir.
Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə şəhər və kəndlərdə ağac dayaqlar dəmir dayaqlarla əvəz edilmiş, hava xətlərində təmir bərpa işləri aparılmışdır. 2025-ci ililin birinci yarımili ərzində 1149 ədəd yeni qoşulma olmuş, internet istifadçilərinin sayı 24391 nəfərə çatdırılmışdır. Cəlilabad Poçt filialı üzrə 19 poçt şöbəsi fəaliyyət göstərir. Həmin şöbələrdə bank maliyyə xidmətləri göstərilməsi üçün komputer quraşdırılaraq sistemə qoşulmuş, poçt şöbələri tərəfindən 1220.0 min manat enerji pulu, 2155.0 min manat qaz pulu və 79.0 min manat su pulu yığılmış, bu səbəbdən poçt filialı 70.2 min manat gəlir əldə etmişdir.
2025-ci ilin birinci yarımilində əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür. Kanalizasiya quyularında 1610 metr məsafədə yaranmış tutulmalar mexaniki üsulla açılaraq əhalinin istifadəsinə verilmişdir. Cəlilabad və Göytəpə şəhərlərində, mənzillərin kanalizasiya xətlərində yaranmış nasazlıqlar aradan qaldırılmış, binaların zirzəmiləri çirkab sulardan təmizlənmişdir. Təmir-bərpa və yeni su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı edilmiş müraciətlərə vaxtında baxılmış, göstərilən ünvanlarda texniki şərt əsasında 86 metr su və kanalizasiya xətləri çəkilmişdir. Payızlıq əkin sahələrinin vaxtında suvarılması və fermerlərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma kanallarının, kollektor-drenajların lildən və kol-kosdan təmizlənməsi və hidrotexniki qurğuların təmir olunması işlərinə başlanılmışdır. Bu il ümumi uzunluğu 376.7 km olan kanal və arxların təmizlənməsi nəzərdə tutulmuşdur. Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən kifayət qədər texnika ayrılmışdır. Bu günə kimi 74.9 km uzunluğunda arx və kanallar təmizlənib və yararlı hala salınıb. Eyni zamanda su itkisinin qarşısının alınması məqsədilə Muğan kanalının su götürən hissəsində əvvəlki illərdə 3 500 metr hissə betonlanmışdır. Cari ildə isə daha 1500 metrlik sahədə bu işlərin görülməsi nəzərdə tutulmuşdur.
Cəlilabad şəhərinin park və xiyabanlarında abadlıq və təmir işləri aparılmışdır. Cəlilabad və Göytəpə şəhərlərində yaşayış binalarının həyətindəki qanunsuz tikililər sökülmüş, binaların həyətlərinə çınqıl döşənmişdir. Binaların ətrafında mövcud olan yaşıllıqlarda budama işləri aparılmış,yararsız hala düşmüş 23 ədəd zibil qabları yenisi ilə əvəz edilmişdir. Rayonun H. Əliyev prospekti 120, 122 saylı, Z. Əliyeva küçəsi 8 saylı və M. Hüseyn küçəsi 18,19 saylı binaların həyətinə və park ətrafına işıqlanma sistemi çəkilmişdir. 2025-ci ilin birinci yarımilində Cəlilabad və Göytəpə şəhərlərinin ərazisindən ümumilikdə 7687 ton məişət tullantısı yığılaraq zərərsizləşdirilmişdir. Eyni zamanda təhlükəsizlik tədbiri olaraq tullantıların zərərsizləşdirilməsi üçün ayrılan poliqonlarda başverəbiləcək yanğın hadisələrinin qarşısının alınması məqsədi ilə müşahidə kameraları quraşdırılmışdır.
Rayonda ümumilikdə 12676 nəfər vətəndaş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində iş axtaran və işsiz kimi qeydiyyata alınmışdır. Onlardan 3993 nəfəri qadınlar 8683 nəfəri isə kişilərdir. Hal-hazırda “Məşğulluq” altsistemində 725 nəfər özünüməşğulluq proqramına cəlb edilməsi üçün növbəyə yazılmışlar. 2025-ci il ümumilikdə 461 nəfər işlə təmin edilmiş, işlə təmin olunan 461 nəfərdən 12-i şəhid ailəsinin üzvləri, 18 nəfəri isə Vətən müharibəsi iştirakçıları, 431 nəfər isə aztəminatlı ailələrin üzvləridir. Eyni zamanda 41 nəfər özünüməşğulluq proqramına cəlb edilmişdir.
Cəlilabad rayonunun inzibati sərhədləri daxilində olan torpaqların cəmi 144143 hektardır. Bundan 57034 hektarı dövlət mülkiyyətində, 20752 hektarı bələdiyyə mülkiyyətində və 66357 hektarı xüsusi mülkiyyətdə olan torpaqlardır. Torpaq münasibətlərinin təznimlənməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan bütün kateqoriya torpaqların araşdırılması və zəbtdən azad edilməsi barədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmış, komissiya tərəfindən cari ildə keçirilmiş monitorinqlər zamanı aşkarlanmış zəbt halları aradan qaldırılmış və zəbt edilmiş 112 hektar qaytarılmışdır. Dövlət fondu torpaqlarından sahibkarların istifadəsində olan lakin hal-hazıradək sənədləşdirilməyən 224 hektar torpaq sahəsi rayon icra hakimiyyəti tərəfindən sənədləşməyə cəlb edilmiş, eyni zamanda müddəti bitmiş icarə müqavilələrinin yenilənməsi üçün sahibkarların müraciəti əsasında 23 sənəd hal-hazırda Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin icraatındadır. 2025-ci ildə zəbtdən azad edilmiş Dövlət fondu torpaqlarından 40 hektarı şəhid və qazi ailələrinin istifadəsinə verilmişdir.
Dövlət Vergi Xidməti və ərazi nümayəndələri ilə birlikdə Dövlət fondu torpaqlarının icarə haqqının yığılması işləri təşkil edilmişdir. Dövlət fondu torpaqlarından istifadəyə görə yaranmış vergi borclarından 2025-ci ildə 121 min manatının aidiyyəti üzrə ödənişi həyata keçirilmişdir.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə təşkilatların birgə iştirakı ilə Cəlilabad rayonun şəhər və kənd ərazilərində müxtəlif növ ağaclar əkilmişdir. Ümumilikdə rayon ərazisində 2024-cü ilin yanvar ayından 2025-ci ilin 01 sentyabr tarixinədək 50915 ədəd ağac və müxtəlif növ kol bitkiləri əkilmişdir. Bu ağac və kol bitkilərindən 30189 ədədi Cəlilabad şəhərinin ərazisində qalan 20726 ədədi isə kəndlərdə əkilmişdir. Ağacların əkini zamanı Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatı və Cəlilabad rayon Mənzil İstismar Sahəsinin əməkdaşları, idarə və təşkilatların əməkdaşları iştirak etmişdir.
Rayon ərazisində inşa edilən qeyri-yaşayış obyektləri Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun aparılır. Rayonun Göytəpə şəhərində Heydər Əliyev Fondu tərəfindən 624 şagird yerlik, Kövüzbulaq və Musalı kəndlərində 180 şagird yerlik tam orta məktəb binalarının tikintisi tamamlanmaq üzrədir. Bundan əlavə Cəlilabad şəhərində 8 saylı, Günəşli və Uzuntəpə kəndlərində yeni məktəb tikintilərinin sənədləşmə işləri aparılır.
Həmçinin rayonun 9 yaşayış məntəqəsini birləşdirən uzunluğu 18 km olan Sərhədabad-Əliabad-Kürdlər-Eçara-Xanılı-Ağusəm-Cəngan,Soltankən-Zəhmətabad avtomobil yolunun əsaslı təmirinə başlanılmışdır. Belə ki, Cəlilabad şəhəri ərazisində uzunluğu 6775 metr olan 19 küçənin və Göytəpə şəhəri ərazisində uzunluğu 1499 metr olan 6 küçənin asfaltlanması üçün hazırlıq işləri aparılmışdır. Qeyd edirik ki, Cəlilabad şəhəri ərazisində asfaltlanması üçün hazırlıq işləri aparılmış küçələrdən 12 adda küçə şəhid ailələrinin yaşadığı küçələrdir. Yaxın günlərdə asfalt örtüyünün vurulmasına başlanılacaqdır.
Müşavirədə Rayon Polis Şöbəsinin rəisi Polad Qarayev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dəyanət Əskərov, Cəlilabad Bələdiyyələrin əlaqələndirmə şurasının sədri Əmrah Quliyev və Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.
Sonda Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əmirov Elvin İlham oğluna təltif olunduğu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və Dövlət qulluğunda uzun müddət fəaliyyət göstərmiş və yaş həddinə görə təqaüdə çıxmış dövlət qulluqçularına fəxri fərmanlar təqdim edilmişdir.