Uşaqlığımın qocalıq xatirəsi-Cahandar Aybər

Uşaqlığımın qocalıq xatirəsi-Cahandar Aybər

Bu günlərdə elə bir şey xatırladım ki...

Belə bir şey haradan və niyə yadıma düşdü, özüm də bilmirəm.

İndi sizinlə bir uşaqlıq xatirəmi bölüşmək istəyirəm. Daha doğrusu, uşaqlığımın qocalıq xatirəsini... Amma bu mövzuya “dik” girə bilməyəcəm, bəlkə də, ona görə ki, mən bu mövzunu lap çoxdan xatırlamalıydım və artıq bu mövzu üçün qocalmışam, çənəm yerə dəymək üzrədir. Bu səbəbdən söhbətə əsayla girirəm...

Əsa haqqında bir dəfə şeir yazmaq cəhdim də olub, ancaq sonra baxanda gördüm, şeir kimi uğursuzdur. Şeirdə əsas fikrim və təsvirim belə idi; insan əlindəki əsa ağacın üzərində gəzə-gəzə bir meyvə tək yetişir, yaxud yarpaq kimi saralır və sonda bir ağacın əsa budağından düşür yerə...

Məncə, tək bu deyil, əsa haqqında başqa fikirdə də olmuşam, dəqiq bilmirəm, yazının axırına kimi yadıma nə düşsə, deyəcəm. Onu bilirəm ki, bir ara əsa məni çox düşündürürdü.

Keçək ƏSAs məsələyə. Məsələn, belə bir sual qoyaq: Nə idi mənim uşaqlığımın qocalıq xatirəsi ? Bu nə deməkdir ? Əgər cürət edib, cavab vermək fikrinə düşsəm, deyəcəm, yəni uşaq vaxtı mənim gördüyüm qocalar və qocalıq.

Bunu xatırlayanda gözlərim bərəlmiş halda yerimdən atıldım: 

Yadıma düşdü ki, çoxdandır, qocaların əlində əsa görmürəm. Axı uşaq vaxtı gördüyüm qocaların hamısı əsayla gəzirdi, bəs indiki qocalar ? Əsa düzəltmək üçün ağacmı qalmayıb, yaxud ağaclar adamlardan küsüblər, bəlkə ? Görəsən, indi adamların tez-tez bir-birinə “meşədə sən yaşda ağac qalmayıb” zarafatının bununla bir əlaqəsi var ? Belə, üzdən nəzər yetirəndə əlaqəsiz görünsə də, ürəyinin dərinliyində hiss edirsən ki, nəsə əlaqəsi var...

Ağaclarmı çox və tez qocalır, ya adamlar ?

Onu biləndə deyərəm. 

İndi bildiyim budur ki, uşaqlığımın qocalıq xatirəsində əsa, biz ona çəlik də deyirik, qocalığın simvolu idi. Yəni bir insanın yaşı neçə olur olsun, əgər hələ çəliksiz gəzirsə, deməli, qocalmayıb.

Bəlkə də, əsa da insanda bir yaş mərhələsidir, misal üçün, ƏSA YAŞI! Və o vaxtkı insanlar sağlamlıqdanmı, ya da hansısa başqa səbəbdən qocalıb-qocalıb əsa yaşına çatırdılar, ancaq indiki adamlar düz-əməlli qocala da bilmirlər...

Axx, çəliyim ağrıdı...

Nə isə, demək istədiyim başqa şey idi. O idi ki, bu idi ki, yəqin, keçmişdə insanlar ölümdən daha çox qorxurdular, hardasa ondan qaçıb gizlənirdilər... Və ya onun qarşısında "qılçaları boyda" əsaya qədər əyilirdilər. Lakin indiki insanlar ölümdən qorxmurlar. Qarşısında qürurludurlar, əyilməzdirlər! Necə ki əyilmirlər. Yəni ölümün üstünə dik gedirlər, gözlərinə dik baxırlar, əsasız-filansız...

Cahandar AYBƏR