Şumlayırıq, amma biçə bilmirik...

Şumlayırıq, amma biçə bilmirik...

"Cütçü batıb qan-tərə yer şumlayır,

Şumladığı tarlasını tumlayır"...

Bu şeir Mirzə Ələkbər Sabirindir, zəhmətsevər, əzabkeş xalqını tərənnüm edir. Şeiri əmək nəğmələrinə də aid etmək olar. Amma bizim işimiz şeirlə deyil, şeiri bizə xatırladan nəsnə ilə bağlıdır. Həqiqətən də, zəhmətkeş xalq olmuşuq, hər zaman əkmişik, biçmişik, qan-tər tökmüşük.

Biz yenə də əkirik, daha doğrusu, şumlayırıq, amma biçmirik ki biçmirik... Təəccüblənə bilərsiniz ki, bu necə ola bilər axı ? Deyirəm, məsələn, götürək elə bizim gözəl şəhərimiz Sumqayıtı və onun şumlanan küçələrini. Yenə də, məsələn, bir neçə ay əvvəl Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü yenidən inşa edildi. İnşa edildi deyəndə ki, nəsə elə bir şey elədilər; qazdılar, tökdülər, tökdülər, qazdılar, qazdılar, qazırlar... (Körpü haqda başqa baxt danışarıq).

Sonra isə, deyəsən, qazılan asfaltın yerinə gətirib asfalt şəkli çəkdilər. Cəhənnəm, şəkil də olsa, aldanmışdıq dəə, guya asfaltdır.

O gün baxıb görürəm, yenidən həmin asfalt şəklini və o yolun davamını da şumlayıblar. İçimdən bir dua qopdu - Allah xeyir versin, bərəkətli olsun. O gün olsun, nəsə biçə bilək, yox, əvvəl əkək, sonra biçərik.

Xeyir-duadan sonra xeyli kövrəldim, misgin-misgin pıçıldadım:

Kimsə batıb qan-tərə yol şumlayır,

Şumladığı yolların... - tamamlaya bilməyib ağladım.

Ağlayandan sonra kiridim, kiriyəndən sonra düşündüm, görəsən, bu, Sum... Şəh.. ah, dilim yaman "çaşır", daha doğrusu, TARLA kimindir ki, ürəyi nə vaxt istədi, necə gəldi şumlayır - belədən-belə, elədən-elə ?!..