Cəlilabadda real dəyişikliklər: əhali ilə rayon rəhbəri arasında möhkəm bağlar qurulub

Son illər Cəlilabad rayonunda bütün sahələrdə müsbət irəliləyişlər əldə olunub. Əvvəlki illərə nəzər yetirdikdə bu irəliləyişlərin əldə olunmasında şəxsən rayonun icra başçısının rolunu görmək mümkündür.
“Birxəbər.az” son illərin dəyişikliyi ilə bağlı qısa araşdırma aparıb.
Xatırlatma üçün bildirək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Əsgər oğlu Cəlilovdur. O, 14 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Rafiq Cəlilov bu vəzifəyə təyin olunub. Elə həmin gün dövlət başçısı onu videoformatda qəbul edərək gələcək fəaliyyətinə dair konkret tapşırıq və tövsiyələrini verib. Həmin görüşdə Prezident İlham Əliyev xüsusi olaraq qeyd etmişdi: “Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin. Təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın”.
Yeni icra başçısını həm siyasi, həm də sosial baxımdan mühüm və məsuliyyətli bir dövr gözləyirdi. Çünki keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində sarsılmış etimad fonunda cənab Cəlilov həm Prezidentin verdiyi etimadı doğrultmalı, həm də ictimai rəyi yenidən qazanmalı idi. Görünən odur ki, Rafiq Cəlilovun bu vəzifəyə təyin edilməsi təsadüfi deyil. İqtisadçı ixtisasına malik olan Rafiq müəllim uzun illər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışaraq geniş idarəçilik təcrübəsi qazanıb. Onun rəhbərliyi dövründə rayonda bir sıra infrastruktur layihələri icra olunub, vətəndaşlarla birbaşa ünsiyyət gücləndirilib.
Rəsmi məlumat nə deyir?
Cəlilabad Rayon İcra Hakimiyyətinin məlumatına görə, Rafiq Cəlilov 2021–2025-ci illər ərzində rayonda 20-dən artıq səyyar qəbul-görüş keçirib, bir neçə sosial obyektin əsaslı təmirindən sonra açılışlarda iştirak edib, şəhid ailələri və müharibə veteranları ilə görüşlər təşkil edib. Vətəndaşların müraciətləri isə şəxsən nəzarətə götürülüb.
Bəs yerli sakinlər nə düşünür?
“Birxeber.az” olaraq məsələni yerində araşdırmaq üçün Cəlilabad rayonuna səfər etdik və müxtəlif kəndlərin sakinləri ilə görüşdük.
İlk olaraq şəhid atası Mehman Əliyevə həmsöhbət olduq. O, dövlətin şəhid ailələrinə olan diqqət və qayğısını yüksək qiymətləndirdiyini bildirir:
“Vətən müharibəsində şəhid olan oğlum Camalın xatirəsinə göstərilən diqqəti ailəmiz daim hiss edir. Bu, dövlət siyasətinin bir parçasıdır. Rafiq müəllimlə də bir neçə dəfə görüşmüşük. Səmimi münasibəti və ailələrə həssas yanaşması təqdirəlayiqdir”.
Zopun kənd sakini Bayazxan Kazımov rayon rəhbərliyinin fəaliyyətindən razı olduğunu söyləyib: “İcra başçısının səyyar qəbulunda iştirak etdim. Hər bir sakin ayrı-ayrılıqda dinlənildi. Yerindəcə həll olunan məsələlər çox oldu. Bu, insanlara hörmətin nümunəsidir”.
Rayon sakini Araz Hüseynov son illər həyata keçirilən tədbirlərdən və dəyişikliklərdən söz açıb: “Rayonumuzdakı poçt şöbəsində xidmətlər müasir səviyyədədir. Ödənişlər, qəbz sistemi və vətəndaş qəbulu qaydası nümunədir. Digər dövlət qurumlarında da oxşar yanaşma hiss olunur”.
Şorbaçı kənd sakini Əlişir Aslanov deyir ki, R.Cəlilovun rayon rəhbəri təyinatına ən çox sevinən məhz onun həmkəndliləridir. O deyir ki, məhz R.Cəlilovun sayəsində Şorbaçı kəndinin baxımsız yollarının bərpası məsələsi nəzarətə götürülüb:
“Uzun illərdir istifadə etdiyimiz Şorbaçı kəndi ilə digər kəndləri birləşdirən yol çox pis vəziyyətdə idi. Nəhayət, bu yol yenidən quruldu. Rafiq müəllimin şəxsən əraziyə gəlməsi və prosesi yerində izləməsi bizə göstərdi ki, məsələ ciddi nəzarətdədir.”
Nəticə nədir?
Rəsmi məlumatlarla yanaşı, vətəndaşların da verdiyi rəylər göstərir ki, Cəlilabadda idarəçilikdə yeni yanaşma formalaşıb. İcra başçısı vətəndaşa yaxın olmaq prinsipini əsas tutur, bölgənin ehtiyaclarını prioritet hesab edir.
“Birxeber.az” olaraq bu araşdırmamızda məqsədimiz rəsmi göstəricilərlə vətəndaş rəyini bir araya gətirmək idi. Görünən odur ki, Cəlilabadda dəyişiklik var — həm sahədə, həm də əhalinin düşüncəsində.