Azərbaycanda istehlak bazarı 5 %-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 30 milyard manat olub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 % çoxdur.
Hesabat dövründə ümumi dəyərin 77,8 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,9 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin yanvar-may ayları ilə müqayisədə 5 % artaraq 28,7 milyard manata bərabər olub, onun 42,4 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
5 ayda bir istehlakçı orta hesabla ayda 586,5 manat və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 55 manat çox vəsait xərcləyib.