Yazıçı Cəbrail Həşimovun növbəti "Kəndimiz" adlı kitabı işıq üzü görüb

Yazıçı Cəbrail Həşimovun növbəti "Kəndimiz" adlı kitabı işıq üzü görüb

Birxeber.az xəbər verir ki, Yazıçı Cəbrail Həşimov oxucuları ilə görüşə növbəti, altıncı kitabı ilə gəlmişdir. Kitab “Elm və Təhsil” nəşriyyatında yazıçı Təranə Musayevanın redaktorluğu və yaxından iştirakı ilə çap olunmuşdur. Müəllif yeni kitabını doğma kəndi Üçtəpənin tarixi, insanlrı və adət-ənənələrinə həsr etmişdir. Kitab belə də adlanır: “Kəndimiz: tarixi, insanları, adətləri”.

   Cəbrail müəllimin bu kitabının hər sətrində doğma el-obasına sevgi, onun tarixinə qayğı və insanlarına dərin hörmət hissi duyulur. Kitab müxtəlif fəsillərdən ibarətdir. Məsələn: “Kəndimizin adının mənşəyi barədə”, “Şəhidlər ölməz...”, “Ağsaqqallarımız”, “Kəndimizin ziyalıları”, “Köçkünlər”, “Təsərrüfat həyatımız” və sairə. Bu kitabda həm kəndin tarixinə nəzər salınır, bu ərazinin qədim tarixi ilə yanaşı yaxın keçmişi və bugünkü həyatı da işıqlandırılır, həm də kəndin adını tanıdan ziyalıları, ağsaqqalları və igid oğulları xatırlanır. Yazıçı kəndin tarixini öz ailəsinin, daha doğrusu, baba-nənələrinin, ata-anasının həyatı ilə bağlı maraqlı faktlarla əlaqələndirir. Bu da oxucularda kitaba daha çox maraq oyatmalıdır. Bundan başqa, kitab quru faktlardan ibarət olmasın deyə, müəllif kəndlə bağlı bir neçə məzəli, dodaq qaçıran əhvalatlardan da istifadə etmişdir.

   Kitabın bir fəsli Üçtəpə kəndinin ziyalılarına həsr olunmuşdur. Bu fəsildə kəndin bir sıra məşhur ziyalıları barədə yığcam məlumat verilmişdir. Müəllifin özünün də qeyd etdiyi kimi, kəndin hörmətli ziyalılarının sayı o qədər çoxdur ki, onların hamısının adını bu kitabda vermək çox çətin olardı.

   Cəbrail müəllim kitabın bir fəslində kəndin şəhidlərindən də bəhs edir. Bu fəsildə həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olan Üçtəpə igidləri barədə məlumat verir, İkinci dünya müharibəsində həlak olmuş həmkəndlilərini də hörmətlə xatırlayır.

   Güman edirik ki, Cəbrail müəllimin bu kitabı oxucuların, xüsusilə də, Üçtəpə kənd əhalisinin böyük marağına səbəb olacaqdır.

   Yaxın günlərdə kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulmuşdur.