İÇİMDƏN AYB-yə SÜRÜNƏN QATAR

Saata baxdım, 21:08-dir. Baxdım deyəndə ki, baxmadım, saat elə gözümün qabağındadır, çünki yazını telefonumun qeyd yerinə yazıram.
Özüm də — sürət, şeytana can sağlığı — karıxdım, surət qatarı ilə işdən qayıdıram... Hə də, bizdə bu qatarın sürəti yoxdur, surəti var. Yalan deyirəm ? Elə mahnı da lap yerindədir ki, qatarımız ilan kimi süründü...
Yol üstü...
Əşşi, nəysə, qatarımız sürünməyində olsun, mən də düşünməyimdə.
Nəyi düşünürdüm, yadımdan çıxdı... Hə, yadıma düşdü: düşünürdüm ki, evdən saat neçədə çıxmışam ?
Çox düşünəndən sonra tapdım ki, mən evdən çıxanda saat 05:21 dəqiqə idi.
Sonra bu qədər əziyyət çəkib bu mənasız şeyi düşünməyimə özüm də güldüm.
Sonra yenə qatarımız ilan kimi süründü...
Əl üstü...
Canı çıxmış sözümün canını axtarıram və onu Görədil dayanacağında haqlayıram.
Məsələn, bir də görürsən, adamdan soruşurlar ki:
— Təzə-məzə nəsə yazmısan, yaradıcılığın necə gedir ?
Adam yerə baxır, göyə baxır, yerə girir, göyə çıxır, özü də bilmir, nəyə çıxır və oradan tappıltı ilə dəyir yerə.
Bəli, bu sual məni məhz belə edir, sizi bilmirəm.
Deyə bilmirsən, ay humanistin balası, vaxt məni tapa bilir ki, nəsə yazım, verim ona ?..
Birinci sualın başını güc-bəla ilə bağlayırsan ki, İranın gedib İsrailə çatmayan və ya Ukrayna təyyarəsinə səhvən atdığı raketləri kimi ikinci sual gəlir üstünə.
Parodiyaya — əstəğfurullah, ironiyaya bax — bilmirsən, "öləcəyindən" ehtiyat edib qaçasan, yoxsa doğru hədəfə atılmadığına, yaxud çatmadığına baxıb hır-hır-hırıldayasan:
— AYB (Azərbaycan Yazıçılar Birliyi) - nin üzvüsən ?
İçimdən xortlayıb - çıxıb qaçan qəbrimə and olsun, elə ciddi soruşurlar, yox deməyə utansam da, utanmadan deyirəm ki: YOX.
Sualın ciddiliyi adamı düz üç dəfə ürəkdən güldürəndən sonra bir dəfə də ürəkdən ağlatmır.
Sonra istər-istəməz başlayırsan AYB haqqında fikirləşməyə.
Sözün bitdiyi bu yerdən durub boylanırsan sözün "bitmədiyi" o yerə ki: nə olan şeydir bu, "İTTİFAĞI" dağılmış?
Doğrudan, niyə mən də üzv deyiləm o ZİB...?
Ay daa, DÜZvən ağzımdan çıxacaqdı ki, SƏHVəldib, yalandan elədim zibayi-zər.
Üzr istəməyə ehtiyac duymuram.
( Sonra belə bir xəyal qururam; guya tələbəyəm, AYB-dən mənə deyirlər, beş yüz manat ver, səni üzv edək. Və mən gənc yazaram deyə hörmət edirlər, yoxsa qiymət min manatdır.) — Sonra da tüstüsüz ocaq xəyal etmək istəyirəm, alınmır ki alınmır.
Düşünürsən, düşünürsən, gecə-gündüz araşdırmalar aparırsan, baş sındırırsan,
yumruq atıb daş sındırırsan və s...
Sizi bilmirəm, şəxsən mən heç nə araşdırıb-eləmədim.
Baş nədi, heç qoz-fındıq da sındırmadım. Onsuz da adı böyründədir, bəlkə də, qucağındadır. Yaxşısını Allah bilməz, özləri bilər.
Nədi, yenə indiki dövrün duza da darışan qarışqaları kimi düşdünüz üstümə ki, onun nə olduğunu deyim...?
Yaxşı, zarafat etmirəm, gəlin deyim...
...ya da qalsın. Birdən hamısı eşitməz, xətirlərinə-zaddarına dəyməz, pərt olaram camaat arasında.
Həm də içlərində dost var, düşmən var — dostlar cəhənnəm, düşmənlərim inciyər məndən.
Uzun sözün bir az gödəyi: bu haqda düşüncələrimi bir də səssizcə nəzərdən keçirdim. Gördüm, həqiqətən də, nə yaxşı deməmişəm, desəydim, belə çatdıra bilməzdim, — ona görə də yazıram. Oxuyun, düşünün.
Nə qədər fikirləşməməyimdən asılı olmayaraq, ağlıma gəlməyən, tapa bilmədiyim məna yalnız budur:
Yazıçılar Birliyi — yəni ora üzv olan yazıçıların BİR, eyni olmaları.
Bəli, orada BİRLİK ancaq bu mənadadır.
Bütün cəhətlərdən bərabər səviyyədə bulunmalarıdır. Səviyyə ? Boş verin, yəqin yenə dilim topuqdan vurdu...
Dil demişkən, dilimin çürüyü sağalsın, neynim, qəlbim imkan vermir ki, onların ünvanına sərt nəsə deyim.
Ona görə daha sərt deyirəm:
Uzun sözün lap uzunu — hamısı BİR ZİB... Zibayi-zərdirlər!
Gələcəyi bilirəm, amma hazırkı dövrdə AYB bundan başqa üfunət...
— Vallah, karıxdım, ağzımdan çıxdı — yoxsa burnumdan çıxacaqdı — məna vermir...
Bu anda sonuncu dayanacaq qatarımızın başını ilan başı kimi əzdi və o dayandı.
Düşəndə gördüm, monitorda ADY yazılıb.
Azərbaycan Dəmir Yolları ?
A kişi, yox e — mən onu "Ay Dədə Yoruldum" kimi oxudum...
Saat 22:06-dır.
Siz Allah, başınızı ağrıtdığım üçün məndən üzr istəyin, sizi bağışlayım!
Cahandar AYBƏR