Cəlilabadda icra hakimiyyəti ilə media nümayəndələri arasında görüş keçirildi

Cəlilabadda icra hakimiyyəti ilə media nümayəndələri arasında görüş keçirildi

Görüş zamanı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün və operativ məlumatlandırılmasında mühüm rol oynadıqlarını vurğulamışdır.

İlk olaraq birinci müavin 2025-ci il ərzində rayon ərazisində görülmüş işlər barədə mediaya ətraflı açıqlama vermiş, sosial-iqtisadi inkişaf, infrastruktur layihələri, yol və abadlıq-quruculuq işləri, sosial obyektlərin təmiri və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, görülən işlər Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı tapşırıqlarına uyğun şəkildə icra olunur.

Daha sonra Qalib Xudaverdiyev gələcək planlar və perspektivlər haqqında danışaraq 2025-ci ildə və növbəti dövrdə rayonda yeni layihələrin icrasının nəzərdə tutulduğunu, xüsusilə məşğulluğun artırılması, kənd təsərrüfatının inkişafı, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəhər-kənd infrastrukturunun daha da yaxşılaşdırılmasının prioritet istiqamətlərdən olduğunu bildirmişdir.

Görüşün sonunda Qalib Xudaverdiyev 31 Dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibətilə media nümayəndələrini və bütün rayon ictimaiyyətini səmimi-qəlbdən təbrik edərək, hər kəsə möhkəm can sağlığı, firavanlıq və uğurlar arzulamışdır.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam etmiş, media nümayəndələrinin sualları cavablandırılmış, onların təklif və tövsiyələri dinlənilmişdir. Sonda yerli media qurumları ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə və ictimaiyyətin obyektiv məlumatlandırılmasının önəmli olduğuna diqqət çəkilmişdir.