Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 36 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.
20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Cəlilabad şəhərindəki Şəhidlər Parkı Abidə Kompleksində anım mərasimi keçirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar.
Bakı vaxtı ilə saat 12:00-da respublikanın hər yerində olduğu kimi rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, rayon ərazisində avtomobillərin və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Birxeber