Cəbrail Həşimov: "Təhsildə inkişaf kabinetlərdə deyil, sinif otaqlarında baş verir”

Cəbrail Həşimov: "Təhsildə inkişaf kabinetlərdə deyil, sinif otaqlarında baş verir”

Cəbrail Həşimov uzun müddət Cəlilabad rayonu Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləmişdir. Hazırda təqaüddədir. O, müəllimliklə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. İndiyə qədər beş kitabı işıq üzü görmüşdür. Bir kitabı da yaxın zamanlarda çapdan çıxacaqdır. Cəbrail müəllim həm də rus dilindən tərcümələrlə məşğuldur. Hazırda dörd tərcümə kitabı nəşr olunmaqdadır. Bundan başqa, o, V–XI siniflər üçün yeni nəsil Azərbaycan dili dərsliklərinin yazılmasında da rəyçi-ekspert kimi iştirak edir.

   Biz saytımız üçün ilk olaraq təcrübəli müəllimdən müsahibə almaq qərarına gəldik. Əlbbətə ki, müsahibəmizin mövzusu təhsilimiz, onun qarşısında duran problemlər və bu problemlərin həlli yollarıdır.

Cəbrail müəllim, salam. Birbaşa suallara keçmək istəyirəm.

Bilirik ki, son illərdə dövlətimiz təhsil sahəsində çox böyük islahatlar həyata keçirir. Uzun illər təhsil sahəsində çalışmış bir müəllim kimi, necə düşünürsünüz, sizcə, bugünkü təhsil sistemində nələri dəyişməliyik?

    – Əvvəlcədən qeyd edim ki, təhsil sistemində hansısa dəyişikliklərin edilməsi bilavasitə dövlət orqanlarının səlahiyyətinə aid olan məsələdir. Ancaq biz müəllimlər də bu sistemin bir parçasıyıq və burada olan boşluqlaraı, çatışmazlıqları çox aydın şəkildə görürük. Mənim fikrimcə, məktəblərə daha çox sərbəstlik verilməlidir, ancaq bundan əvvəl məktəb rəhbərlərinin seçilməsi qaydalarına bəzi dəyişikliklər edilməlidir. Məsələn, direktorlar və müavinlərin müvafiq məktəbdə işləmələrinə müəyyən bir məhdudiyyət qoyulmalıdır. Tutaq ki, beş il. Bu müddət tamam olduqdan sonra əgər onların fəaliyyəti qənaətbəxşdirsə, digər məktəblərə dəyişdirilsin, əgər qənaətbəxş olmasa, müqavilə ləğv edilsin və onlar müəllim kimi fəaliyyətlərini davam etdirsinlər. Yəni bir direktor eyni bir məktəbdə beş ildən artıq işləməsin. Düşünürəm ki, belə bir qayda məktəblərdə baş verə biləcək qanunsuzluqların, amirliyin, vəzifədən sui-istifadə hallarının qarşısını alardı. Eyni zamanda, təhsil prosesində yeniliklərin tətbiqinə, operativliyə daha geniş meydan açardı. Bu zaman, yuxarıda qeyd etdiyim kimi, məktəblərin sərbəstliyi daha da artırılmalıdır. Bu sərbəstliyin detalları isə ayrıca bir söhbətin mövzusudur. Bunlardan başqa, bildiyimiz kimi, hazırda ali məktəblərə qəbul olmaq üçün maksimum 700 bal toplamaq mümkündür. Məncə, müəllimlik ixtisasları üçün minimum hədd müəyyənləşməlidir. Məsələn, 350 baldan, yəni 50 faizdən az bal toplayan abituriyentlər müəllimlik ixtisasını seçə bilməsinlər. Axı 250, ya da bir qədər də az bal toplayan şagird necə savadlı müəllim ola bilər? Əlbəttə, bunlar mənim subyektiv fikirlərimdir.

   Təhsilin inkişafı ilk növbədə nələrdən asılıdır?

    – Təhsilin inkişaf etdirilməsi çoxşaxəli bir prosesdir. Burada həm səlahiyyətli dövlət orqanlarının, həm rayon təhsil sektorlarının, həm məktəb rəhbərlərinin, həm də müəllimlərin hər birinin üzərinə düşən vəzifələr vardır. Bu vəzifələr, fikrimcə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda birmənalı şəkildə təsbit edilmişdir. Qalır bu qanunun müddəalarının normal işləməsi. Çox təəssüf ki, hazırda nəinki bir çox müəllimlər, hətta rayon təhsil sektorlarında işləyən bəzi məmurlar da bu qanunun tələblərini lazımi səviyyədə anlamayıblar. Bir nümunə deyim. Mən müəllim işlədiyim müddətdə rayonumuzun müxtəlif məktəblərində olmuşam. Eləcə də, sosial şəbəkələr vasitəsi ilə ölkəmizin ayrı-ayrı bölgələrində çalışan müəllimlərlə tez-tez təmasda oluram. İnanın ki, həm yaşlı müəllimlər, həm də bəzi cavan müəllimlər arasında kurikulumun mahiyyətini anlamayanlara rast gəlmişəm. Təsəvvür edin, məktəb direktoru gileylənərək deyir, əşi bu kurikulum nədir, gətirdilər, köhnə qayda ilə dərslərimizi keçirdik də. Soruşuram, ay müəllim, siz mənə deyə bilərsinizmi kurikulumu necə başa düşürsünüz? Ümumiyyətlə, bu kurikulum dediyinizin hansı cəhətləri xoşunuza gəlmir? Susur, cavab verə bilmir. Çünki onun mahiyyətini anlamır. 

   2012-ci ildə müəllilər üçün kurikulumla əlaqədar on günlük kurslar keçirildi. On günə belə böyük bir islahat barədə nə öyrətmək olardı? Xüsusilə yaşlı müəllimlər bu kurslara çox həvəssiz qatılırdı və aydın məsələdir ki, orada mühüm heç bir şey öyrənə də bilmədilər. Bu kurslarda çox şey öyrətmək olmur, müvafiq orqanların, daha çox rayon təhsil sektorlarının əməkdaşları hər zaman məktəblərlə, müəllimlərlə təmasda olmalı, bu sahədə olan çatışmazlıqları yerində aradan qaldırmalıdırlar. Bax bu zaman təhsildə inkişafdan danışmaq olar. İnkişaf kabinetlərdə olmur.

   Kurikulumdan danışdınız və dediniz ki, bir çox müəllimlər kurikulumun mahiyyətini başa düşmürlər. Bəs siz kurikulumun nə demək olduğu, onun mahiyyəti barədə qısaca nə demək istərdiniz? Bunu bir qədər aydın izah etmək olarmı?

   – Kurikulum latın mənşəli söz olub, mənası “yol”, “istiqamət” deməkdir. Kurikulum – təhsilin məzmunu, təşkili və qiymətləndirilməsini özündə əks etdirən konseptual sənədlər sistemidir. Amma deyəsən, izahım bir az rəsmi səsləndi. Gəlin belə deyək: kurikulum – dövlətin təhsilin qarşısında qoyduğu məqsəd və vəzifələri özündə əks etdirən proqram sənəddir. Sonuncu ifadəyə diqqət verin: proqram sənəddir. Qısaca desək, kurikulum elə proqram deməkdir. İndiyə qədər hamımız proqramlarla işləmirdikmi? Yenə də proqramla işləyirik, amma bu proqramda köklü dəyişikliklər baş verir. Kurikulum yeni yanaşmadır. Şagirdə, müəllimə, dərslərin təşkilinə, ümumiyyətlə, bütövlükdə təhsilə yeni yanaşmadır. Bu yanaşma, ilk növbədə, şagirdyönümlü olması ilə ənənəvi təhsildən fərlənir. Yəni tədrisin mərkəzində şagird dayanır, dərslər şagirdin maraq və ehtiyacları üzərində qurulur. Fikrimi bir qədər də sadə ifadə edim: dərslər dialoji üslubda aparılır. Bəs bu nə deməkdir? Yəni indiyə qədər öyrəndiyimiz “Məmmədov, gəl dərsini danış” kimi ifadələr artıq tarixə qovuşdu. Dərs danışmaq yoxdur, dərsin müzakirələr zamanı öyrənilməsi var. Həm də yeni dərs daha çox sinifdə öyrədilir, ev tapşırıqları köklü şəkildə azalır. Mən burada müasir təhsilə verilən tələbləri ardıcıllıqla sadalamaq istəmirəm, onlar bir xeylidir. Müəllimlər üçün asan olsun deyə yalnız bunu qeyd etmək istəyirəm ki, dərs danışdırmaq əvəzinə, dərsləri cütlərlə, qrup şəklində təşkil etsələr, daha çox öyrədə bilərlər. Mən təcrübəmə əsaslanaraq bir məsələni də çəkinmədən demək istəyirəm: müəllim öyrədə-öyrədə özü də öyrənməlidir. İnanın, indi məktəblərimizdə elə şagirdlər var, bəzən müəllimlərdən də bir addım irəlidədirlər. Çünki onalr müasir informasiya kommunikasiya texnologiyalarını bizdən yaxşı bilirlər və onlardan daha ağıllı şəkildə istifadə edə bilirlər.

   Gənc müəllimlər təhsilimizin inkişafına töhfə verə bilərlərmi?

    – Nəinki təhsilimiz, ümumiyyətlə ölkənin hərtərəfli inkişafı gənclərdən asılıdır. Düzdür, yaşlı kadrların təcrübəsinə həmişə ehtiyac var, ancaq etiraf etmək lazımdır ki, gələcək yalnız gənclərlə qurulur. Təhsil sahəsində bu daha qabarıq şəkildə özünü göstərir. Yuxarıda kurikulum barədə danışdıq. Etiraf edək ki, digər sahələrdə olduğu kimi, burada da gənclər yeniliyə daha açıq olurlar. Bu zaman bir məsələni də qeyd etmək lazımdır ki, artıq ali məktəblər də yeni metodlara üstünlük verirlər, buna görə də onların məzunları da, yəni gənc müəllimlər də müasir təhsilin xüsusiyyətlərini və üstünlüklərini daha tez qavraya və daha uğurla həyata keçirə bilirlər. Mən işlədiyim müddətdə ətrafımda həm yaşlı, həm də gənc müəllimlər kifayət qədər olmuşdur. Əgər müəllimliyə başladığım ilk illərdə daha çox təcrübəli müəllimlərdən öyrənirdimsə, son dövrlərdə artıq gənclərdən öyrənmək lazım gəlirdi. Çünki onlar bizə nisbətən daha fəal, daha operativ və daha həvəsli olurlar. Mən rayonumuzun müəllimləri arasında xeyli gənclər tanıyıram ki, onlar artıq əsl müasir müəllim kimi yetişmişlər. Ümumiyyətlə, çox şey yox, artıq hər şey gənclərdən asılıdır.

   Şəxsən siz təhsildə nəyi dəyişmək istərdiniz?

    – Şəxsən mənim dəyişmək istədiyim çox şey vardır. Hər şeydən əvvəl, irəlidə qeyd etdiyim kimi, müəllimlik ixtisasına qəbulun minimal həddini ən azı 350, bəlkə də, 400 bal edərdim. Bundan başqa, təqaüd yaşına çatmış müəllimləri birbaşa işdən azad etməzdim, onlara ucqar, şəraitsiz məktəblərə getməyi təklif edərdim. Əlbəttə, bu iş o qədər də asan başa gəlməzdi. Təsəvvür edin, 65 yaşı tamam olmuş insanı ailəsindən, övladlarından, nəvələrindən ayırıb ucqar dağ kəndinə göndərirsən. Ancaq nə etmək olar, necə deyərlər, könlü balıq istəyənin ayağı suda gərək. İşləmək istəyirsən, buyur, bu da meydan. Bundan da başqa çox şeyləri dəyişmək istərdim, ancaq, düşünürəm ki, onların çoxunun həyata keçirilməsi çətin olardı. Ona görə də, qoyun elə bunlar mənim üçün arzu oalraq qalsın.

   Cəbrail müəllim, bilirik ki, siz V–XI siniflər üçün yeni nəsil Azərbaycan dili dərsliklərinin yazılmasında bilavasitə iştirak edirsiniz. Bu barədə nə deyə bilərdiniz? Yəni yeni dərsliklər əvvəlki dərsliklərdən nə ilə fərqlənir, onların bir üstünlüyü varmı və vardırsa, nədir o üstünlüklər?

   – Bəli, mən artıq üç ildir ki, bu komanda ilə birlikdəyəm, rəyçi-ekspert kimi fəaliyyət göstərirəm və sizin də qeyd etdiyiniz kimi, bu dərsliklərin yazılmasında bilavasitə iştirak edirəm. Onu da qeyd edim ki, mən bu komandaya kənd rayonlarından cəlb olunmuş yeganə müəlliməm. Bu kollektiv çox savadlı, təhsilin qarşısında duran problemləri dərindən bilən, öz işinə məsuliyyətlə yanaşan mütəxəssislərdən ibarətdir. Artıq bizim hazırladığımız V sinif dərslikləri kütləvi şəkildə tədris olunur. VI və VII sinif dərslikləri pilot siniflərdə tədris olunur. Hazırda VIII sinif dərsliyi üzərində iş gedir. Bir əlavə də edim, mənim “Yazın oğlan çağında” adlı kiçik bir hekayəm V sinif Azərbaycan dili dərsliyinin I hissəsinə salınmışdır. Düşünürəm ki, bu, kənd müəllimi üçün böyük nailiyyətdir.

   Yeni dərsliklərin əvvəlki dərsliklərdən çox fərqi vardır. Hər şeydən əvvəl qeyd edim ki, bu dərsliklərdə sistem gözlənilmişdir. Bunu nümunə ilə izah edim. Bilirsiniz ki, V sinifdə Azərbaycan dili fənni həftədə beş saat tədris olunur. Bizim dərsliklər də bu sistemə uyğunluşdırılmışdır. Yəni konkret bir mətn verilir, bu mətn bədii və ya informativ ola bilər. Sonra bu mətn üzərində beş dərs qurulur. Beləliklə, bir mətn bir həftə ərzində keçirilir. Birinci dərs, bir qayda olaraq, oxuyub anlamaya həsr olunur, ikinci dərsdə dinləmə məzmun xətti üzrə kiçik bir mətn verilir və bu mətnin əsas mətnlə müqayisəsi aparılır, üçüncü dərsdə təqdimat hazırlamaq bacarığına aid tapşırıq verilir, dördüncü dərs yazıya həsr olunur, bu zaman bəzən esse yazılması tapşırılır və nəhayət, sonuncu, beşinci dərs dil qaydalarına həsr olunur. Konkret mövzularda bu ardıcıllığa cüzi dəyişikliklər də oluna bilər, amma hər zaman dil qaydaları sonuncu dərsdə öyrədilir və yazı məzmun xətti da dil qaydalarından əvvəl olur. Yuxarı siniflərə getdikcə dərs saatları azaldığı üçün dərslər də buna uyğun qurulur.

   Burada bir haşiyə çıxmaq istəyirəm. Bəzən bizə irad tuturlar ki, dil qaydalarına az yer veririk. Məsələ bundadır ki, əvvəla, biz dərsliklərin tərtibi zamanı inkişaf etmiş ölkələrdə qəbul olunmuş kurikulumlara uyğunlaşmağa çalışırıq. İkincisi də, gəlin belə baxaq: şagird sabah cərrah olacaq, ya neft mühəndisi, nə bilim, gəmi şturmanı, pilot, ya da polis olacaq. Axı dilçilik elminin ən xırda nüanslarını öyrənmək onun nəyinə lazımdır? Onun üçün ilk növbədə mətnlərlə işləməyi bacarmaq lazımdır. Yəni mətnlərdən sual çıxara bilmək, bu suallara cavab verə bilmək, özünün sərbəst şəkildə mətn tərtib etmək bacarıqları onun üçün əsas prioritet olmalıdır. Sabah iş yerində ona məhz bu bacarıqlar lazım olacaq. Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Biz yuxarı siniflərə keçdikcə bədii mətnlərdən çox az istifadə edirik, daha çox informativ mətnlərə üstünlük veririk. Eyni zamanda, elmin müxtəlif sahələrinə, xüsusilə də yeni yaranmış sahələrinə daha çox müraciət edirik. Düşünürük ki, bu, şagirdlərdə elmi dünyagörüşün inkişaf etdirilməsinə, fənlərarsı inteqrasiyanın düzgün qurulmasına böyük fayda verə bilər. 

   Bizim komandanın üzvləri pilot siniflərin müəllimləri ilə müntəzəm əlaqə saxlayırlar. Təcrübə göstərir ki, biz düz yoldayıq. Əlbəttə, iş olan yerdə səhvlər də, çatışmazlıqlar da ola bilər. Ona görə də biz tənqidlərə də açığıq, əlbəttə, qərəzli yox, sağlam tənqiddən söhbət gedir. İnanıram ki, yeni dərsliklər şagirdlərin təkcə elmi biliklərə deyil, həm də müasir dünyagörüşə malik, yüksək intellektə sahib vətəndaşlar kimi yetişməsində əhəmiyyətli rol oynayacaqdır.

   Cəbrail müəllim, suallarımızı geniş və hərtərəfli cavablandırdığınız üçün təşəkkür edirəm.

    – Mən sizə təşəkkür edirəm ki, günümüz üçün belə aktual olan məsələləri diqqət mərkəzində saxlayırsınız. Sağ olun.