XANKƏNDİNƏ, YOXSA XANKƏNDİYƏ GEDİRİK? - Cəbrail Həşimov yazır..

XANKƏNDİNƏ, YOXSA XANKƏNDİYƏ GEDİRİK? - Cəbrail Həşimov yazır..

XANKƏNDİNƏ, YOXSA XANKƏNDİYƏ GEDİRİK?..

Olum, ya ölüm!
İngiltərə, XVI əsr, Şekspir.

Xankəndiyə, ya Xankəndinə!
Azərbaycan, XXI əsr, bizlər.

Gülməyin! Son aylarda bu sual Azərbaycanda, xüsusilə də, sosial şəbəkələrdə həyati vacib suallardan birinə çevrilib. Sanki ölkənin də, Qarabağın da, elə Xankəndinin də taley bu “y” və “n” hərflərindən asılı imiş.
Şəxsən mənim üçün bunların heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, gedək. Xankəndiyə, ya da Xankəndinə. Nə fərqi var ki, “y” olsun, ya “n” olsun... Düzdür, mən Qarabağın dağlıq hissəsində heç vaxt olmamışam, Xankəndi(n)də isə ələlxüsus. Amma xalqımız düz otuz il o torpaqlara həsrət qalmışdı. İndi, şükürlər olsun ki, yollar açıldı, yəqin ki, qısa müddətdən sonra hamımız o müqəddəs torpaqları görəcəyik. Bəlkə, mənə də qismət oldu...
...Deyəsən, mətləbdən bir az uzaq düşdüm axı. Harada qaldım? Hə, Xankəndiyə gedirik, ya Xankəndinə?
Əlbəttə, mən Xankəndiyə gedirəm.
Bir az səbrinizi basın, izah edim niyə...
Yuxarıda dediyim kimi, bu məsələ artıq hamının beynini zəbt eləyib. Və yenə də yuxarıda dediyim kimi, mənim üçün bu “y” və “n” hərflərinin elə də bir fərqi yoxdur. Amma dilçi həvəsi, araşdırmaçı hərisliyi məni də qoymur dinc oturum və bu davanın dərinliyinə varmaq istəyirəm.
Azrbaycan dilində isim adlı bir nitq hissəsi var və bu ismin də nə az, nə çox, düz altı dənə halı var. Bu hallardan biri heç bir şəkilçi-zad qəbul eləmir. Deyir, ağa Nəzərəm, belə gəzərəm. Onunla bir işimiz yoxdur, qoyaq onu kənara. İkisi samitlə başlayan şəkilçi qəbul edir. Bunları da qoyduq kənara. Ancaq hələlik. Çünki bir azdan onlara da işimiz düşəcək. Bizim işimiz hələ ki yerdə qalan üç hal ilə olacaq. 
Niyə? 
Çünki onlar saitlə başlayan şəkilçilər qəbul edir və elə bu saitlə başlayan şəkilçilər də aləmi qatır bir-birinə. Yox, deyəsən, düz demədim. Əksinə, bu şəkilçilər hər şeyi yerbəyer edirlər.
Necə?
Bunu da deyim. 

Dilçilikdə belə bir qayideyi-qanun var ki, bu üç hal saitlə başlayan şəkilçi qəbul etdikdə sözün kökü ilə şəkilçinin arasına bir dənə bitişdirici samit artırılır. Yiyəlik və təsirlik hallarda bu olsun “n” samiti, yönlük yalda isə olsun “y” samiti.

Fikir verək:
Yiyəlik hal: ana-n-ın
Yönlük hal: ana-y-a
Təsirlik hal: ana-nı

Gələk yer adlarına:
Masallı-n-ın, Füzuli-n-in, Daşaltı-n-ın
Masallı-y-a,  Füzuli-y-ə,   Daşaltı-y-a
Masallı- n-ı   Füzuli-n-i,   Daşaltı-n-ı

Beləcə, davam edə bilərik. İsmayıllı-y-a, Balaxanı-y-a, Kürdəxanı-y-a, Suraxanı-y-a, İmişli-y-ə, Ağcabədi-y-ə və sair və ilaxır və...
İndi isə bayaq haqqında danışdığım samitlə başlayan şəkilçilərə baxaq:
Masallı-da,   Füzuli-də,   Daşaltı-da
Masallı-dan  Füzuli-dən, Daşaltı-dan
Yenə bayaqkı kimi İsmayıllı-da, Balaxanı-da, Kürdəxanı-da, Suraxanı-da, İmişli-də, Ağcabədi-də və sair və ilaxır və... Yəni eynilə davam edə bilərik.
Gördüyümüz kimi, burada heç bir bitişdirici samitdən istifadə olunmadı. Niyə? Çünki şəkilçi bunu tələb etmədi.

Yoldaşlar, cənablar, xanımlar! Bəs bu məntiqlə niyə biz Xankəndiyə getməyək, Xankəndidə dincəlməyək, Xankəndidən xoş əhvali-ruhiyyə ilə qayıtmayaq?
Hansı məntiqlə biz Xankəndinə getməliyik, Xankəndində dincəlməliyik, Xankəndindən xoş əhvali-ruhiyyə ilə qayıtmalıyıq?

Allah xatirinə, bircə mənə bir-iki istisnalıq təşkil edən sözləri nümunə gətirməyin. Onlar elə istisnadırlar ki var.
İstisnaya gəldikdə mən də arqument kimi bunları deyə bilərəm. Baxın, “Xankəndi” sözü iknici növ təyini söz birləşməsi şəklində olan mürəkkəb sözdür, yəni “xan kəndi”. Eynilə bu cür yaranmış digər bir yer adımız da var: Daşaltı. Bu söz də ikinci növ təyini söz birləşməsi şəklində olan mürəkkəb sözdür, yəni “daş altı”. Yaxşı niyə heç kim “Daşaltına” demir, hanı “Daşaltıya” deyir? Demək, bu məntiqlə “Xankəndiyə” deyilməlidir də. 

Siz özünüz bilərsiniz, amma mən Xankəndiyə getmək istəyirəm. Çünki ana dilim belə tələb edir. Xankəndiyə getməyimi yox ha, belə deyib, belə də yazmağımı tələb edir.
Hə, az qala unutmuşdum. Əgər fikir vermisinizsə, Prezident də çıxışlarında həmişə “Xankəndiyə gedirik” deyir. 
Xoş istirahətlər... Xankəndidə...