Müəllimlərin maaş statistikası açıqlandı: Cəmi 1 faiz 2000 manatdan çox alır

Elm və Təhsil Naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin maaş göstəriciləri ilə bağlı rəsmi statistikanı açıqlayıb.
Birxeber.az xəbər verir ki, nazirin açıqlamasına görə ölkədə müəllimlərin əməkhaqqı onların dərs yükünə uyğun olaraq əhəmiyyətli dərəcədə dəyişir.
Nazirin təqdim etdiyi məlumata əsasən:
Cəmi 1 faiz müəllim – yəni 1399 nəfər, 34 saat dərs deyir və 2000 manat və daha artıq maaş alır.
11 faiz müəllim – 12 803 nəfər, həftədə 31 saat dərs deyir və 1500-2000 manat arası əməkhaqqı alır.
33 faiz müəllim – 39 296 nəfər, 25 saatlıq dərs yükü ilə 1000-1500 manat arası maaş alır.
41 faiz müəllim – 49 757 nəfər, 17 saat dərs deyir və 500-1000 manat maaşla kifayətlənir.
14 faiz müəllim – 17 492 nəfər, cəmi 8 saatlıq dərs yükünə malikdir və 500 manatdan az maaş alır.
Ümumilikdə bu göstəricilər müəllimlərin yalnız kiçik bir qisminin yüksək maaş ala bildiyini göstərir. Ən geniş təbəqəni isə orta maaş alan müəllimlər təşkil edir.
Emin Əmrullayev qeyd edib ki, dərs yükü artdıqca maaş da müvafiq olaraq artır. Lakin bu, bütün müəllimlər üçün mümkün olmur. Mövcud statistikalar, həmçinin, regionlar üzrə dərs saatlarının qeyri-bərabər paylaşmasını da üzə çıxarır.