Külək əsən kimi lift dayanır – Bakı sakinlərinin təhlükəli problemi...

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən "Saray MTK" - ya məxsus çoxmərtəbəli yaşayış binalarının sakinləri təhlükəli və narahatedici lift problemi ilə üz-üzə qalıblar. Belə ki, küləkli havalarda lift öz-özünə dayanır, liftin qapıları ya açılmır, ya da bağlanmır. Problem saatlarla, bəzən günlərlə davam edir. Bu vəziyyət yaşlı sakinlər və uşaqlar üçün ciddi çətinliklər yaradır. Dəfələrlə olub ki, insanlar liftdə qalıblar.
Bu problem, demək olar, binalar istifadəyə veriləndən davam edir. Sakinlər dəfələrlə bina idarəçiliyinə – yəni mənzil-tikinti kooperativi (MTK) və ya müvafiq qurumlara müraciət etsələr də, problemin əsas səbəbi hələ də araşdırılmayıb və heç bir ciddi tədbir görülməyib.
"Doqquzuncu mərtəbədə yaşayıram, anam yaşlıdır, pilləkən çıxıb-düşmək mümkün deyil. Hər dəfə əsən küləkdən sonra lift dayanır," – deyə sakinlərdən biri bildirib.
Həm təhlükəsizlik, həm də sakinlərin gündəlik rahatlığı baxımından problem təcili şəkildə həllini tapmalıdır. Aidiyyəti qurumların məsələni diqqətə alacağına ümid edirik.