“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib

“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib

Birxeber.az xəbər verir ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Regional İnkişaf” İctimai Birliyi və “Viollete Mentorship” proqramının təşkilatçılığı ilə “InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə maarifləndirici seminarlar təşkil olunub.

Layihə çərçivəsində keçirilən ilk seminar “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadənin təqdimatı ilə baş tutub. Seminar zamanı iştirakçılara startap ekosisteminin əsasları, uğurlu startapın formalaşma mərhələləri, ideyanın bazarda doğrulanması və investorların diqqətini cəlb etməyin effektiv yolları barədə ətraflı məlumat verilib. Təqdimatda real nümunələr əsasında startap mühitində qarşıya çıxan çətinliklər və onların həlli mexanizmləri müzakirə olunub. Praktiki hissədə isə iştirakçılar komandalara bölünərək öz startap ideyalarını formalaşdırıb, biznes modellərini hazırlayaraq təqdim ediblər.

Növbəti seminar ADA Universiteti və Boğaziçi Universitetinin məzunu, şəxsi inkişaf üzrə konsultant İlahə Bağırovanın iştirakı ilə keçirilib. Seminar müddətində karyera planlamasında psixoloji amillərin rolu, texnoloji mühitdə effektiv kommunikasiya bacarıqları və qadınların STEM sahələrində liderlik potensialının inkişafı mövzularına toxunulub. Tədbir interaktiv müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Daha sonra qlobal çağırışlar fonunda texnologiya və innovasiyanın rolu mövzusu diqqət mərkəzində olub. Urban Nature Based Solutions (URBAN NBS) təşkilatının təsisçisi, Asiya İnkişaf Bankının CAREC Gender Climate mükafatının (2024) laureatı Elmira Fərzəliyevanın təqdimatı ilə baş tutan seminarda dayanıqlı inkişaf, iqlim dəyişiklikləri fonunda innovativ həllər, qadınların innovasiya və texnologiya sahələrində fəal iştirakı, eləcə də STEM sahəsində mövcud karyera imkanları və çağırışlar barədə məlumat verilib.

Layihə süni intellekt və data sahəsində karyera imkanları mövzusuna həsr olunmuş seminarla davam edib. Seminar çərçivəsində “Meta” şirkətinin data mühəndisi, “Girls in AI Azerbaijan” təşəbbüsünün təsisçisi və Minevra Universitetinin məzunu Nigar Həmidli iştirakçılara süni intellekt və data sahəsində mövcud trendlər, real layihələr üzərindən iş prinsipləri, texnologiya sahəsində liderlik bacarıqlarının formalaşdırılması və davamlı öyrənmənin əhəmiyyəti barədə danışıb.

Qeyd edək ki, layihə üzrə keçiriləcək mentorluq proqramı çərçivəsində xaricdə STEM sahəsində təhsil almış və bu sahədə çalışmış Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının üzvləri arasından seçilən 25 mentor ümumilikdə 75 iştirakçıya — məktəb və universitetdə təhsil alan qadın tələbələrə dəstək göstərəcək.