Cəlilabadda işıqsızlıq səssiz fəlakətə çevrilir: Azərişıqdan cavab yoxdur

Cəlilabadda işıqsızlıq səssiz fəlakətə çevrilir: Azərişıqdan cavab yoxdur

Cəlilabad rayonunun kəndlərində elektrik enerjisi problemi illərdir ki, öz həllini tapmır. Sakinlərin sözlərinə görə, xüsusilə qış aylarında – küləkli, çovğunlu və yağışlı havalarda kəndlər tamamilə işıqsız qalır. Məsələnin əsas səbəbi isə çox bəsit və illərlə aradan qaldırılmayan bir faktordur: elektrik dirəklərinin 1963-cü ildən bu günədək dəyişdirilməməsi.

21-ci əsrdə, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə bu kəndlərdə hələ də kabelləşmə işləri aparılmır. Halbuki ölkənin digər bölgələrində bu proses çoxdan başa çatdırılıb. Görünür, Azərişıq üçün bu kəndlər sadəcə statistikada yer tutan adlardan ibarətdir.

Vətəndaşlar bildirir ki, Azərişıq əməkdaşları işığa azacıq borcu olan insanlara qarşı dərhal tədbir görür, elektrik enerjisini kəsir. Amma bəzi yerli "işbazlar" qeyri-qanuni yollarla işıqdan istifadə etmək istəyənlərə müəyyən məbləğ qarşılığında bu imkanı təqdim edirlər. Bu isə həm korrupsiyaya yol açır, həm də rəsmi qurumların məsuliyyətsizliyini göstərir.

Birxeber.az olaraq iki aya yaxındır ki, Azərişıq ASC-yə bu problemlərlə bağlı rəsmi sorğu göndərmişik. Lakin təəssüf ki, bu günə qədər nə yazılı, nə də şifahi cavab ala bilmişik. Sanki qurum, vətəndaşların narazılığını görməzdən gəlir, medianın suallarını isə eşitmir.

Cəlilabadın kənd sakinləri haqlı olaraq sual edir: "Biz də bu ölkənin vətəndaşıyıqsa, bəs niyə bizim də yaşamaq haqqımız, normal həyat şəraitinə sahib olmağımız təmin olunmur?"

Birxeber.az məsələni diqqətdə saxlayır və Azərişıq rəhbərliyindən cavab gözləyir.