“Yazıçılıq mənəvi yükdür – onu hər kəs daşıya bilmir” – Ruhiyyə Abbaszadə ilə səmimi müsahibə
Azərbaycan ədəbi mühitində son illərin ən diqqətçəkən imzalarından biri olan Ruhiyyə Abbaszadə həm poeziyası, həm də nəsr nümunələri ilə oxucuların rəğbətini qazanmağı bacaran yazarlardandır. Onun yaradıcılığına xas olan səmimiyyət, həssaslıq, Vətən sevgisi və müşahidə gücü hər bir əsərində özünü qabarıq şəkildə göstərir. Xüsusilə Qarabağ mövzusu, şəhid və qazilərimizin taleyi, insanın daxili dünyası və psixoloji sarsıntıları Ruhiyyə xanımın qələmində daha da təsirli və yadda qalan olur.
Bu müsahibədə yazarın ədəbiyyata gəlişi, yaradıcılığının formalaşması, ilham mənbələri, sənət adamı kimi üzləşdiyi çətinliklər və həyat müşahidələri barədə səmimi fikirlərini oxuyacaqsınız. Ruhiyyə Abbaszadə ilə söhbətimiz həm onun yazı dünyasına işıq salır, həm də oxuculara bir yaradıcı insanın daxili aləmini yaxından görmək imkanı verir.
Birxeber.az olaraq təqdim etdiyimiz bu müsahibənin oxucular üçün maraqlı və düşündürücü olacağına inanırıq.
-Ruhiyyə xanım, salam. Necəsiniz? İlk olaraq, mümkünsə, ədəbiyyata gəlişiniz barədə məlumat verərdiniz. Şeirlə gəlmisiniz, ya hekayə ilə? İlk əsərinizi nə vaxt yazmısınız?
– Salam, Namiq müəllim. Yaxşıyam, sağ olun. Allahın bu gününə şükür...
Həə, ədəbiyyata gəlişim iyirmi bir yaşımda ikən "Bu nə həyat" şeirimlə olub. Amma şeir yazmağa on iki, hekayə yazmağa isə on beş yaşımdan başlamışam. İlk nəsr əsərim isə hekayə deyil, povest olub. Adı "Ayrılıqdan-ayrılığa" olan həmin povesti 96 vərəqlik şagird dəftərində uzun illərdir çap etdirməmişhalda şəxsi arxivimdə saxlayıram. Çap olunmağa başladıqdan sonra isə hekayələr, şeirlər dalbabal düzüldü.
- Sizin üçün hanısı daha asandır, şeir yazmaq, ya hekayə? Özünüzü hansında daha yaxşı ifadə edə bilirsiniz?
– İlhamla yazılan hekayə də, şeir də çətin yazılmır. İlham ürəyinə birdən-birə yük kimi dolduğu zaman qələmə sarılıb bir anın içində yaxşı mənada bu "yük"dən azad olmağa çalışırsan. Və sonda yaratdığın əsər oxucunu məmnun edirsə, nə xoş yazanın halına. İllər öncə bir aforizim yazmışdım: "Yazıçılıq mənəvi yükdür. Bu yükün altına çox adam girə bilər, lakin onu daşımağa hər kəs qadir deyil"
Bəli, o mənəvi yükü daşımaq üçün insanda ilk növbədə Allah verən fitri istedad, həssas qəlb və güclü müşahidə qabiliyyəti olmalıdır. Bunlar olduqdan sonra istər şeir olsun, istərsə də hekayə, hər biri öz-özünə yazılır və bir də onda ayılırsan ki, artıq əsərin hazırdır. O anın həyəcanını, sevincini yaşamaq bir ayrı aləmdir. Əgər insanda istedad yoxdursa, yazdıqları cızma-qaradan başqa bir şey olmayacaq, bu da ki insana nə həyəcan verər, nə də sevinc gətirər.
- Oxuculara yaxşı məlumdur ki, siz Qarabağ mövzusu, şəhid və qazilərimiz barədə çoxlu əsərlərin müəllifisiniz. İstər şeirlərinizdə, istərsə də hekayələrinizdə bu mövzu, bir qayda olaraq, ana xətt kimi keçir. Bu nə ilə əlaqədardır? Əlbəttə, bu mövzular bütün ədəbiyyat adamları üçün həmişə prioritet mövzu olmalıdır, amma siz, məncə, bu mövzuya digərlərinə nisbətən daha çox müraciət edirsiniz. Bu barədə, zəhmət olmasa, bir qədər məlumat verərdiniz.
– Vətən, vətənpərvərlik mövzüsunun yaradıcılığımda ana xətt təşkil etməsi mənim doģma vətənimə, torpağıma, onun şəhidinə, qazisinə, qəhrəmanına qəlbimdə bəslədiyim sonsuz sevgi ilə bağlıdır. Mən yurduma, doğulduğum el-obaya hədsiz dərəcədə bağlı olan bir insanam. Bir müddət, 2007 – 2009-cu illərdə Qərbi Sibirdə yaşamışam. O illərdə mənim hər günüm, hər saatım vətənimi düşünməklə, “vətən” deyə ağlamaqla keçirdi... Və mən belə başa düşürəm ki, yaradıcılığımda vətənpərvərlik mövzusuna geniş yer verməyimdə qəribə, qeyri-adi heç nə yoxdur. Çox güman ki, bu mövzu ömrümün sonuna qədər yaradıcılığımda ana xətt olaraq qalacaqdır.
-Sizin əsərləriniz tez-tez səhnələrdə tamaşaya qoyulur. Bu barədə bir qədər ətraflı danışa bilərsinizmi? Hansı teatrların səhnəsində oynanılıb əsərləriniz?
– Mənim Qarabağ mövzusunda qələmə aldığım "Qisas" əsərim ilk dəfə 2022-ci ildə Biləsuvar Pəncərə teatrı tərəfindən tamaşaya qoyulmuşdur. Sonra bu tamaşa Şirvan bölgəsinin beş rayonunda anşlaqla göstərilmişdir. Hal-hazırda 44 günlük Vətən müharibəsi qazisi, İsmayıl Hüseynovun həyat və döyüş yolundan bəhs etdiyim "Ürəyə köçən işıq" əsərimin Cəlilabad Xalq teatrı tərəfindən tamaşaya qoyulacağı planlaşdırılır.
- Eheeeyy! Ağ təyyarə!!!
Məni eşidirsən???
En aşağı buludlardan,
Al ağ rəngli qanadına.
Apar məni buralardan!
Hara getmək istəyir şair və niyə getmək istəyir? Belə vətənpərvər şair niyə buralardan getmək istəyir?
– Uzun illər yaxşı adam kimi tanıdığın bəzi insanların da bir bir dəstə qaragüruhçuya qoşularaq əqidəsini pula, şöhrətə, ucuz titullara, yalançı təriflərə satdığını görəndə bir anlıq ətrafında baş verənlərdən iyrənərək harayasa yox olmaq, sakitliyə qovuşmaq istəyirsən. İstəyirsən ki, ömrünün qalan hissəsini dünyanın bilinməyən, tanınmayan bir yerinə gedib insanlardan uzaq bir yerdə yaşayasan. Ancaq çox təəssüf ki, dünyanın hansı ucuna baxsan, həqiqət və rahatlıq görünmür. Və sən sonda ayağını bu qarma-qarışıq yer üzündən birdəfəlik üzməyi qərara alıb, bəlkə, axtardığın haqqı, saflığı, sakitliyi göylərin dərinliyində taparam deyə göy üzünə çəkilmək istəyirsən...
- Bəzən sizin şeirlərinizdə bir küskünlük də hiss olunur. Bilmirəm, bu, doğrudan da, belədir, ya mənə belə gəlir… Əgər belədirsə, bu nə ilə əlaqədardır?
– Məncə, bu, ruh halıdır. İnsan həmişə şad-xoşbəxt olmur ki. Qəmləndiyi, kədərləndiyi, ətrafındakılardan küsdüyü vaxtları da olur. Yaradıcı insan da belədir. Bəzən ətrafında baş verənlərə baxıb sevinirsən, istəyirsən ki, ancaq tərənnüm edəsən, yüksək əhval-ruhiyyəli, pafoslu əsərlər yaradasan, bəzən isə haaqsızlıqla, ədalətsizliklə qarşılaşdıqda bədbinləşirsən. Bu zaman yazdıqlarında da küskünlük, bədbinlik hiss olunur. Mən çox özünəqapanan adamam. Atamı çox erkən yaşlarımda itirəndən üzü bəri içimdə hər an itirmək qorxusu ilə yaşayıram. Düşünürəm ki, məndəki bu küskünlüyü yaradan əsas səbəblərdən biri və bəlkə də, ən birincisi elə bu itirə bilmək qorxusudur...
-Bir az da hekayələrinizdən danışaq. Sizin hekayələrinizi oxuyanda məndə belə bir təsəvvür yaranır ki, siz daha çox şahidi olduğunuz hadisələr, tanıdığınız insanlar barədə yazırsınız. Sanki əsərlərinizin qəhrəmanları ilə nə vaxtsa görüşmüsünüz. Belədirmi?
– Hekayələrimin içində üç ya dörd əsərim təxəyyülümün məhsuludur. Əksər mövzularım həyatdan götürdüyüm hadisələr, qəhrəmanlarım isə tez-tez, ya da təsadüfən rastlaşdığım personajlardır. Mənə belə gəlir ki, gördüyüm insanlar, rastlaşdığım hadisələr barədə yazdığım hekayələr daha təsirli, daha oxunaqlı alınır. Əlbəttə, bunu oxucularım daha yaxşı bilərlər.
-Ruhiyyə xanım, sizin yaradıcılığınız son zamanlar daha çox diqqət mərkəzindədir. Əgər belə demək mümkündürsə, son vaxtlar daha çox məşhurlaşmısınız. Bu hal kimlərisə narahat edirmi? Axı belə bir atalar sözü də var: “Bar verən ağaca daş atan çox olar”. Sizə də “daş atan” olurmu?
– (Gülür.) Heç elə bir şey olarmı ki, “bar verən ağaca daş atmasınlar?” Əlbəttə, kimlərisə narahat edir bunlar. Xüsusilə, hansısa şeirim, ya hekayəm social şəbəkələrdə çox bəyəniləndə bunu daha aydın hiss edirəm. Bu yaxınlarda böyük bir haqsızlıqla qarşılaşdım, amma sınmadım, əksinə, daha da bərkidim və daha güclü əsərlər yaratmağa kökləndim. Pisliklər və pis adamlar hər zaman var və olacaqlar. Qoy olsun. Bu məni qətiyyən narahat etmir. Uğurlarım artdıqca o dediyiniz kimlərinsə necə narahat olduğunu elə rahatlıqla izləyirəm ki. Və belələrinə şeytana əsir düşdükləri üçün çox vaxt yazığım gəlir...
-Özünüzdən, yaradıcılığınızdan razısınızmı? Yazmaq istədiyiniz, amma indiyə qədər toxunmadığınız bir mövzu varmı?
– Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin məhşur misraları var:
Təkcə ondan razıyam ki,
Özümdən narazıyam.
Şairin sözü olmasın, mən heç vaxt özümdən və yaradıcılığımdan razı bir insan olmamışam. Yaxşı yazdıqca, daha da yaxşı yazmağa çalışmışam. Mövzuya gəldikdə isə, təvazökarlıqdan bir qədər uzaq olsa da, söyləyim ki, toxuna bilməyəcəyim heç bir mövzu yoxdur. Əlbəttə, yazmaq istədiyim o qədər mövzular da var ki.
- Sonda oxucularınıza nə demək istərdiniz?
– Yeni əsərlərimi gözləsinlər. Ümid edirəm ki, bəyənəcəkləri əsərlər yaza biləcəyəm.
Birxeber