Sumqayıt Tibb Mərkəzində “Təlim Mərkəzi” fəaliyyətə başladı

Sumqayıt Tibb Mərkəzində “Təlim Mərkəzi” fəaliyyətə başladı

Sumqayıt Tibb Mərkəzində mühüm və əlamətdar hadisə baş verib – “Təlim Mərkəzi”nin rəsmi açılışı olub.

Birxeber.az xəbər verir ki, yeni yaradılan Təlim Mərkəzi böyük bir kollektivin öz daxili imkanları hesabına davamlı və sistemli təlimlər keçirməsinə şərait yaradacaq. Bununla yanaşı, mərkəz digər tibb müəssisələrindən olan mütəxəssislər, təlimçilər və təlim almaq istəyənlər üçün də açıq olacaq.

Təlim Mərkəzinin fəaliyyəti barədə məlumat verən Sumqayıt Tibb Mərkəzinin direktor müavini, tanınmış həkim-cərrah Ramin Qasımov bildirib ki, mərkəzin əsas məqsədi tibbi heyətin bilik və bacarıqlarının müasir standartlara uyğun şəkildə artırılması, praktik vərdişlərin təkmilləşdirilməsi və peşəkar inkişafın davamlılığının təmin olunmasıdır. Onun sözlərinə görə, burada keçiriləcək təlimlər real klinik təcrübəyə əsaslanacaq və həkimlərin, orta tibb işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, atılan hər bir addım xalqa daha keyfiyyətli, operativ və təhlükəsiz tibbi xidmət göstərilməsinə yönəlib. Yeni Təlim Mərkəzi səhiyyə sahəsində insan kapitalının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.