Qarabağda törədilən ağır cinayətlərə görə qondarma rejimin rəhbər şəxslərinə hökmlər oxundu
Birxeber.az xəbər verir ki, məhkəmənin qərarı ilə Qarabağdakı keçmiş qondarma rejimin əsas fiqurlarına və Ermənistan silahlı qüvvələrinin bir sıra üzvlərinə ağır cəzalar verilib.
Qərara əsasən, qondarma rejimin keçmiş “başçısı” Arayik Harutyunyan, “müdafiə naziri” Levon Mnatsakanyan, “parlamentin sədri” Davit İşxanyan, “xarici işlər naziri” David Babayan və Ermənistan silahlı qüvvələrinin general-mayoru David Manukyan ömürlük azadlıqdan məhrum ediliblər.
Qondarma rejimin digər keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Sahakyan isə 20 il müddətinə azadlıqdan məhrum olunublar.
Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edən və Qarabağdakı qanunsuz silahlı birləşmələrə könüllü qoşulan Madat Babayan 19 il müddətinə həbs cəzası alıb.
Məhkəmə həmçinin müəyyən edib ki, bəzi təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilməz. Lakin onlar ömürlük cəza nəzərdə tutan ağır cinayətlərin törədilməsində ittiham olunub və bu ittihamlar məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.
Digər hökm olunan şəxslər arasında Ermənistan ordusunda xidmət etmiş Melikset Paşayan 19 il, qondarma rejimin “dövlət naziri” Qarik Martirosyan 18 il, “Təhlükəsizlik Şurasının üzvü” Davit Allahverdiyan və qanunsuz silahlı birləşmənin üzvü Levon Balayan 16 il müddətinə azadlıqdan məhrum ediliblər. Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə hər biri 15 il həbs cəzası alıblar.
Məhkəmənin hökmünə əsasən, adıçəkilən şəxslər Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama kimi çoxsaylı ağır cinayətlərdə təqsirli biliniblər.
Birxeber