Masallı rayon Kolatan bələdiyyə sədri Rauf Cəbiyevin hədə-qorxu videosu yayıldı

Masallı rayon Kolatan bələdiyyə sədri Rauf Cəbiyevin hədə-qorxu videosu yayıldı

Masallı rayonunun Kolatan bələdiyyəsində baş verən qalmaqallı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Birxeber.az-ın əldə etdiyi məlumata görə, kənddə keçirilən görüş zamanı bələdiyyə sədri Rauf Cəbiyev ilə sakinlər arasında gərgin anlar yaşanıb və həmin görüntülər artıq internetdə yayılıb.

Videoda açıq şəkildə görünür ki, sakinlər Rauf Cəbiyevə narazılıqlarını bildirərkən o, camaata qarşı kobud və aqressiv tonda danışır. Sədrin kənd sakinlərinə hədə-qorxu gəldiyi sözlər kameraya düşüb:

“Siz kimsiz e mənə nəsə edəsiz? Bunları sizə başçı elə miyib, mən eləmişəm! Elədiklərim burnunuzdan gəlsin! Mən sizi apardaram içəri, mənimlə belə danışmayın!”

Bu açıqlamalar sosial mediada və ictimaiyyətdə ciddi narazılıq yaradıb. Sakinlər bildirirlər ki, Rauf Cəbiyev uzun müddətdir əhaliyə qarşı qeyri-etik davranış sərgiləyir və onların problemlərini dinləmək əvəzinə, təhdid dilindən istifadə edir.

Kənd camaatı həmçinin vurğulayır ki, sədrin davranışları tək dəfəlik deyil və Kolatanda idarəçiliklə bağlı illərdir narazılıq mövcuddur.

İctimaiyyət arasında əsas sual isə budur:

Rauf Cəbiyev kimə güvənir ki, əhaliyə açıq şəkildə hədə-qorxu gəlir və özünü toxunulmaz kimi aparır?

Kolatandan verilən məlumata görə, sakinlər baş verənlərlə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi şikayət etməyə hazırlaşırlar. Onlar məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını və bələdiyyə sədrinin davranışına hüquqi qiymət verilməsini tələb edirlər.

Birxeber.az olaraq məsələni diqqətdə saxlayırıq və Rauf Cəbiyevin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.