Cəbrail Həşimov - Həyat nədir?

Cəbrail Həşimov - Həyat nədir?

   Həyat nədir? Mən bu həyata niyə gəlmişəm? Məndən əvvəl bu dünya necə olub? Məndən sonra nələr olacaq? Görəsən, mən bu dünyaya gəlməsəydim, nə olardı? Niyə mən məhz bu millətdənəm və bu dildə danışıram? Olmazdı ki, başqa millətdən olaydım? Niyə mən məhz bu zamanda dünyaya gəlmişəm? Görəsən, olmazdı ki, mən yüz il, min il əvvəl, ya da sonra dünyaya gələydim?

   Ümumiyyətlə, bu həyatı mənə kim verib? Ola bilməz ki, hər şey heç nədən başlansın… Bir başlanğıc olmalıdır axı… Hardadır o başlanğıc? 

   Suallar, suallar…

   Min illərdir ki, insan bu sualı özünə verir, heç zaman da özünü qane edəcək bir cavab tapa bilmir.

   Heç zaman tapmayacaq da…

   Hələ qədim yunan filosofları bu sualı özlərinə verir, bütün ömürləri boyu cavab axtarır, heç vaxt da ya özlərini, ya da digərlərini qane edə biləcək bir cavab tapa bilmirdilər. Sokrat bu məsələnin üstündə xeyli baş sındırıb. Homer iki möhtəşəm əsərində bu sualları verib. Cavab isə tapılmır ki, tapılmır.

   Ömər Xəyyam ilk dəfə bu məsələnin həllinə müəyyən dərəcədə yaxınlaşdı və dedi ki, cavab axtarmayın, çünki yoxdur bu cavab. Sadəcə, sizə verilən bu həyatı yaşayın, onun gözəlliklərindən zövq alın. Ancaq həyatı insan adına layiq yaşayın, heyvanla öz aranızda bir sədd qoyun.

   Bu sualları özünə verməyin özü belə insanın dərin intellektə malik olmasının göstəricisidir. Dayaz, səthi düşüncəyə malik olan insan heç vaxt bu sualların üzərində düşünmür, düşünə bilmir, düşünə bilməz də, heç bu sualların mövcudluğundan belə xəbəri yoxdur. Əgər ondan soruşsan ki, niyə yaşayırsan, ən azı gülər sənə. “Necə yəni, niyə yaşayıram? Allah bu həyatı mənə verib, mən də onu yaşayıram”, – deyər. 

   Bu suallar çox adamı divanə eləyib, əslində, divanə o olmayıb, onu başa düşməyənlər olub. Bu suallardan xilas olmağın yeganə yolu, Ömər Xəyyam demişkən, onların mövcudluğunu unutmağa çalışmaqdır. Ya da özünü elə göstərmək ki, guya heç bu sualların varlığından xəbərin yoxdur.

   Biz öz həyatımızı idarə edə bilirikmi, ya da, ümumiyyətlə, idarə edə bilərikmi, buna qadirikmi? İlk baxışdan belə görünə bilər ki, bəli, idarə edə bilərik, Məsələn, mən sabah Bakıya getməliyəm, amma istəsəm, getməyə də bilərəm. Mən siqaret çəkirəm, istəsəm, tərgidə də bilərəm. Mən istəsəm, işimdən çıxıb başqa iş də tapa bilərəm. Bu, doğrudan da, ilk baxışda belə görünür. Ona görə də məsələyə digər rakursdan baxaq. Mən istəsəm, doxsan il yaşaya bilərəm. Mən istəsəm, ilk övladım oğlan olar. Mən istəsəm, heç bir xəstəliyə tutulmaram. Absurd görünür, əlbəttə. Deməli, öz həyatımızı özümüz idarə etmək qüdrətinə malik deyilik. Bəs kim idarə edir bizim həyatımızı? Dindar, sözsüz ki, o dəqiqə deyəcək, Allah idarə edir. Amma sübut gətirə bilməyəcək, ya gətirsə də, özü də öz sübutunda tam əmin ola bilməyəcək. Çünki onun gətirdiyi sübutlara yüzlərlə əks arqumentlər tapılacaq. Ateist deyəcək ki, təbiət belə qurulub və bizdən asılı olmayaraq həyatımız özü özünü idarə edir, yəni biz özümüz idarə edirik həyatımızı, amma o da ağlabatan, hamını qane edəcək bir sübut gətirə bilməyəcək. Bəlkə də, onlardan hər biri özünün əmin olduğu sübutu gətirəcək, amma qarşısındakı onunla razılaşmayacaq və mübahisə sonsuzluğa qədər davam edəcək.

   Arif insan deyəcək ki, mən bütün ömrüm boyu bu sualların üzərində baş sındırmışam, amma cavab tapa bilməmişəm. Ona görə də qəti bir fikrə gəlmişəm: ömrümü elə yaşayım ki, ətrafımdakılara bir xeyrim dəysin, yəni yalnız özüm üçün deyil, başqaları üçün də yaşaya bilim, özümdən sonra gözəl bir iz qoyum, mən gedəndən sonra lənətləməsinlər məni. Heç olmasa, bir nəfər deyə bilsin ki, o getdi, dünya boş qaldı…