Cəlilabad türk dəfn adətləri: Xudutəpədən günümüzə türk kimliyinin elmi izi

Cəlilabad türk dəfn adətləri: Xudutəpədən günümüzə türk kimliyinin elmi izi

Tarixçi-tədqiqatçı Rza Rzayevin elmi araşdırmasına əsasən, Cəlilabad rayonunun Xudutəpə və Seyidbazar ərazilərində aparılan arxeoloji qazıntılar Azərbaycanın qədim türk yurdu olduğunu bir daha sübut edir.

Tarix boyu türk xalqlarının soykökü, kimliyi və ilkin yaşayış arealları ilə bağlı çoxsaylı saxtalaşdırmalar aparılıb. Xüsusilə Azərbaycanın yerli xalq deyil, kənardan gəlmiş toplum olduğu iddiaları zaman-zaman irəli sürülüb. Lakin tanınmış türkoloq Firudin Cəlilovun da qeyd etdiyi kimi, səlcuqların XI əsrdə Azərbaycana qayıdışı onların bir vaxtlar buradan getməsi ilə bağlıdır. Yəni, Azərbaycan əsrlər boyu türk tayfalarının məskəni olub.

Bir xalqın mənşəyini müəyyənləşdirmək üçün əsas metodlardan biri antropoloji ölçmələr, digəri isə arxeoloji faktlardır. Qazıntılar nəticəsində aşkar olunan dəfn adətləri və maddi mədəniyyət nümunələri həmin xalqın kimliyinə dair önəmli sübutlardır.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Abuzər Ələkbərovun rəhbərliyi ilə Cəlilabad rayonunun Xudutəpə yaşayış məskənində aparılan arxeoloji qazıntılar maraqlı nəticələr verib. 2011–2013 və 2021-ci illərdə aşkar olunan üç qəbirin hər biri qədim türk dəfn adətlərini əks etdirir:

Qəbirin içərisində ocaq qalamaq və torpağın paklaşdırılması məqsədilə tonqal külünün istifadə edilməsi.

Cəsədlərin bədən və baş hissələrinin ayrılıqda saxsı qablarla dəfn olunması.

Başın şərqə yönəlik yerləşdirilməsi və cəsədin bükülü vəziyyətdə olması.

Qəbirlərin içində at sümükləri, döyüş alətləri, dolçalar və məişət əşyalarının mövcudluğu.

Bu dəfn adətləri Altay-Skif mədəniyyətinə bənzərliyi ilə seçilir və türklərin oturaq həyat tərzi sürdüyünü göstərir.

Cəlilabadın Seyidbazar kəndində aparılan qazıntılar zamanı isə “sarkafak” tipli – yəni taxta və ya keramikadan hazırlanmış qutularda dəfn edilmiş cəsədlər aşkar olunub. Bu qutuların üzərində çoxsaylı günəş simvolları – bərabərtərəfli xaç işarələri – yer alıb. Türkoloq Murad Acının da vurğuladığı kimi, bu rəmzlər türk inanc sistemində Günəşin – yəni Tanrının – simvolu olub və xristianlıqdan daha qədimdir.

Xudutəpədə isə 2016-cı ildə təsadüfən aşkarlanan və üzərində günəş rəmzləri olan keramik qab, bu inancın min illərlə əvvəl bölgədə mövcud olduğunu göstərir.

Seyidbazarda və digər bölgələrdə tapılan ölü yandırma izləri də türk mədəniyyətinə xasdır. Çin mənbələrində də türklərin ölüləri yandıraraq taxta qutularda dəfn etməsi qeyd olunur. Seyidbazarda tapılan günəş rəmzli sarkofaq tipli məzarlar bu ənənənin yerli versiyasıdır.

Cəlilabadın Xudutəpə və Seyidbazar arxeoloji abidələri sübut edir ki:

Türk tayfaları bu ərazilərdə 10 min ildən artıq müddətdə yaşayıb.

Onlar oturaq həyat tərzi sürüb, mükəmməl dəfn və dini rituallara sahib olublar.

Günəş simvolu və tək tanrı inancı hələ qədim türk icmalarında mövcud olub.

Azərbaycan ərazisi türk mədəniyyətinin beşiklərindən biridir.

Bütün bu faktlar göstərir ki, Qafqazın və Azərbaycanın türk xalqlarının ilkin yurdlarından biri olması elmi dəlillərlə sübuta yetirilmişdir.

Müəllif: Tarixçi-tədqiqatçı Rza Rzayev

Mənbə: Birxeber.az