Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Konstitusiyasının 30 illik yubileyi münasibətilə cari il iyulun 16-da Bakıda "Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Birxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məqaləsində qeyd edib.
O bildirib ki, konfransda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus, Gürcüstan, İraq, Moldova, Serbiya, Tacikistan və Şimali Kipr Türk respublikalarının konstitusiya ədalət mühakiməsini həyata keçirən orqanlarının nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.
Konfrans çərçivəsində konstitusiya ədalət mühakiməsinin aktual məsələlərinə həsr olunmuş məruzələr təqdim olunacaq, hüquqi dövlət quruculuğunda və konstitusiya prinsiplərinin reallaşdırılmasında konstitusiya ədalət mühakiməsi orqanlarının rolu geniş şəkildə müzakirə ediləcək.
Eyni zamanda, konfrans iştirakçıları müasir dövrdə konstitusiya ədalət mühakiməsi nin qarşısında duran çağırışları, milli və beynəlxalq səviyyədə tətbiq olunan yeni yanaşmaları nəzərdən keçirəcəklər.