"Turan Tovuz"un kapitanı: “Traktor”la oynamaq sevindiricidir, amma...

“Onlarla oynamaq sevindirici haldır. Amma dostluq, qardaşlıq matçından da önəmlisi çempionata yaxşı hazırlıq baxımından rəqiblərimizdən biri olmasıdır”.
Bunu Teleqraf-a açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Cənubi Azərbaycan təmsilçisi "Traktor"la iyulun 29-da keçirəcəkləri yoxlama oyunu barədə danışarkən deyib.
33 yaşlı müdafiəçinin fikrincə, Türkiyə toplanışında İran çempionuna qarşı matç gərgin keçəcək: “Bu, dostluq, qardaşlıq matçıdır. Hər nə qədər yoldaşlıq görüşü olsa da, bizim üçün böyük önəm kəsb edir. Çünki çempionata hazırlaşmaq üçün belə oyunların olması yaxşıdır. Rəqib çox yaxşıdır. Belə komandalara qarşı oyunlarda özünün üstün və zəif tərəflərini görmək daha asan olur. Belədə, çempionatın startına kimi bu səhvləri aradan qaldıra bilərik”.
Əliyev iyulun 6-dan Ankaranın Qızılcahamam bölgəsində davam edən təlim-məşq toplanışı barədə də məlumat verib: “Toplanış proqram üzrə davam edir. Fiziki durumumuzu artırmağa çalışırıq. 35 günlük fasilədən sonra komanda yenidən yığışıb. Düzü, istirahətdən gəldikdən sonra komandada bir az çətinliklər olur. Yavaş-yavaş ideal formaya düşürük. Gündə iki dəfə, həm də ağır məşq keçirik. Düşünürəm ki, komandadan ayrılanların da, yeni gələnlərin də faydası olacaq”.
Qışdan sonra uzunmüddətli zədə səbəbindən yaşıl meydanlardan uzaq düşən Azərbaycan millisinin futbolçusu artıq fiziki formasının qaydasında olduğunu da qeyd edib: “Artıq komanda ilə birlikdə məşq keçirəm. Tam sağalmışam, ağrım da yoxdur. Təlim-məşq toplanışında da komandanın tempinə uyğunlaşmağa çalışıram. Çünki uzun müddət zədədən əziyyət çəkdim. Tezliklə formaya düşərək komandama fayda vermək üçün əlimdən gələni edirəm”.
Qeyd edək ki, “Turan Tovuz” hazırlığın ilkin mərhələsini 6 - 19 iyulda Ankaranın Qızılcahamam, ikinci mərəhələsini isə 24 iyul – 6 avqustda Bolu bölgəsində həyata keçiriləcək. Baş məşqçi Kurban Berdıyevin kollektivi bu müddətdə 4 yoxlama görüşü keçirəcək.