Füzuli və Xocavənddə təyinat oyunu – Gənc mütəxəssisin halı pisləşərək huşunu itirdi!

Füzuli və Xocavənddə təyinat oyunu – Gənc mütəxəssisin halı pisləşərək huşunu itirdi!

    Tarix: 11 iyun 2025

 Füzuli-Xocavənd Təhsil Sektoru, Qayıdış qəsəbəsi

Bu ilin 4 iyun tarixində Füzuli və Xocavənd rayonları üzrə təhsil sektorunun binasına təyinatla bağlı dəvət olunan gənc mütəxəssis Coşqun Sifahanov burada ədalətsizlik və mənəvi təzyiqlərlə qarşılaşıb.

İddialara görə, o, sektor binasına daxil olan kimi sektor müdiri Ramella Məmmədova ona heç bir rəsmi sənəd təqdim etmədən Qayıdış qəsəbəsi 4 və 5 saylı məktəbləri şifahi şəkildə “təklif” edib. Digər mövcud vakansiyalar isə qəsdən gizlədilib.

 "Qayıdış uzaqdır? Getmirsənsə, imtina yaz!"

Coşqun Sifahanov bu yanaşmaya etiraz etdikdə isə belə cavab alıb:

 “Sən də Qayıdış məktəbi uzaqdır, getmirsən, imtina yaz, vaxtımızı alma.”

O, bu haqsızlıqla bağlı 146 Çağrı Mərkəzinə məlumat verdikdən sonra səhhəti qəfil pisləşib. Elə həmin vaxt sektor əməkdaşları panikaya düşərək yeni təklif irəli sürüblər –

Qarabağ kənd tam orta məktəbində direktor müavini vəzifəsi.

Coşqun Sifahanov bu təklifi qəbul etsə də, araşdırma zamanı məlum olub ki, həmin vəzifə üzrə fevral ayında artıq təqdimat verilib. Yəni əvvəlcədən dolu olan bir yerə yönləndirilib.

   “Məqsəd mənim kiminsə yoluna sədd çəkən biri kimi təqdim olunmağım imiş. Amma mən məktəbə problem yaratmağa deyil, dəstək olmağa gedirəm!” – deyə Coşqun bildirib.

  Yaxın məktəblərdə vakansiya var, amma təklif olunmur

Daha sonra o, öz evinə yaxın olan və 3 il işlədiyi Füzuli rayon 26 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsini istədiyini bildirib. Lakin bu təklifi də rədd ediblər. Səbəb olaraq isə bildirilib:

   “Oranı sizə təklif edə bilmərik, çünki müavinin artırma müqaviləsi bitməyib.”

Halbuki hazırda həmin məktəbdə direktor müavini vəzifəsi müvəqqəti olaraq Hüseynov Vaqif müəllimə, digər – Füzuli rayon 39 nömrəli tam orta məktəbində isə Məmmədova Zərəntac müəlliməyə tapşırılıb. Yəni hər iki məktəbdə vakansiya mövcuddur, lakin Coşqun Sifahanova bu məktəblər heç təqdim olunmur.

   “Cənab nazir brifinqdə bildirmişdi ki, rəhbər şəxslər mümkün qədər yaxın ərazilərdən seçilməlidir. Mən həm tanınmış pedaqoqam, həm də bu məktəbdə uzun müddət işləmişəm. Bəs bu yanaşma nədir?”

   İkinci dəfə də eyni haqsızlıq, bu dəfə faciə ilə bitdi

Coşqun Sifahanov 10 iyun 2025-ci il tarixində təkrar olaraq Füzuli-Xocavənd təhsil sektoruna yaxınlaşıb. Yenidən eyni haqsızlıqla qarşılaşan gənc müəllimin halı bu dəfə pis olub, pilləkəndə huşunu itirərək yıxılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım onun həyatını xilas edib.

   “İkinci dəfədir bu binaya gələndə əsəblərimi tarıma çəkirlər. Görünür ki, səhhətimin pis olması kimlərəsə sərf edir. Ramella Məmmədova isə üzümə deyir ki, ‘sənin məqsədin bilinmir’. Mən sadəcə rahat və vicdanla işləmək istəyirəm. Bəs bu niyə məqsədsizlik hesab olunur?!”

 Birxeber.az olaraq aidiyyəti qurumlardan bu məsələ ilə bağlı izahat gözləyirik!

  Təhsil sahəsində gənc və savadlı mütəxəssislərin bu cür haqsızlığa məruz qalması ciddi narahatlıq doğurur. Əgər bu cür qeyri-şəffaf və münasibətdən uzaq təyinat prosesi davam edərsə, təhsildə islahat və keyfiyyət artımı yalnız kağız üzərində qalacaq!