Füzuli Təhsil Sektoru mediasiya görüşünə gəlmədi — Haqsızlıqlar məhkəməyə daşınır

Füzuli Təhsil Sektoru mediasiya görüşünə gəlmədi — Haqsızlıqlar məhkəməyə daşınır

17 iyun 2025-ci il tarixində Füzuli rayonunun Horadiz şəhərində yerləşən Mediasiya Təşkilatında keçirilən görüş bir tərəfli baş tutub. Belə ki, qarşı tərəf — Füzuli rayon Təhsil Sektorunun nümayəndələri görüşə qatılmaqdan boyun qaçırıblar. Onların bu hərəkəti açıq şəkildə nümayiş etdirir ki, mövqelərini müdafiə etməyə sözləri və arqumentləri yoxdur. Əgər haqlı idilərsə, nə üçün gəlib öz mövqelərini əsaslandırmadılar?

Görüşdə iştirak edən zərərçəkmiş şəxs Birxeber.aza bildirib ki, Təhsil Sektorunun binası ilə Mediasiya Təşkilatının binası arasında cəmi 2-3 dəqiqəlik yol var:

"Bu qədər yaxın məsafədə yerləşən bir qurumun nümayəndələrinin mediasiya görüşünə gəlməməsi onların məsuliyyətsizliyindən və qanunsuz addımlarını ört-basdır etmək niyyətindən xəbər verir".

Şikayətçi əlavə edib ki, 10 iyun tarixində ona açıq şəkildə təzyiq göstərilib:

"Mənə deyildi ki, elə etmə sənin Regional Təhsil İdarəsindən gələn razılıq məktubunu ləğv etdirim. Bu, birbaşa və kobud qanun pozuntusudur. Hansı əsasla dövlət qurumu vəzifəli şəxsin razılığına təsir etməyə cəhd göstərir?"

Mediasiya prosesi uğursuz nəticələndiyindən iş avtomatik olaraq məhkəməyə keçəcək. Şikayətçi haqsızlığa son qoymaq üçün qanuni yolla sonadək mübarizə aparacağını qəti şəkildə bəyan edib:

"Mənim sektorla şəxsi problemim yoxdur. Mən haqlı olaraq, yaşadığım ünvana yaxın olan Füzuli rayonu 26 nömrəli tam orta məktəbdə təşkilatçı müavin vəzifəsinə təyinatımı tələb edirəm. Ancaq bu günə qədər mənə rəsmi vakansiya siyahısı təqdim olunmayıb. Əvəzində yalnız şifahi şəkildə “bu məktəbə getməlisən” deyə göstəriş verilib. Bu isə açıq şəkildə qanunsuzluğun göstəricisidir."

Birxeber.az məsələ ilə bağlı Füzuli rayon Təhsil Sektorunun rəsmi mövqeyini öyrənmək üçün sorğu göndərib. Cavab aldıqda ictimaiyyətə təqdim olunacaq.