Cəlilabadda Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

Bu gün Azərbaycan polisinin yaranmasının 107-cı il dönümü ilə əlaqədar Cəlilabadda Polis işçilərinin peşə bayramı günü qeyd olunmuşdur.
Birxeber.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon Polis Şöbəsinin rəisi Polad Qarayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və polis şöbəsinin şəxsi heyəti iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Cəlilabad rayon Polis şöbəsinin rəisi Polad Qarayev polisin keçdiyi şərəfli yoldan danışaraq şəxsi heyəti bayram münasibətilə təbrik edib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək peşə bayramları münasibəti ilə polis işçilərini təbrik edib və bildirib ki, uzun, tarixi və şərəfli bir yol keçmiş Azərbaycan polisi, yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də polis əməkdaşları fədakarlıq göstərərək, işğal altındakı torpaqlarımızın azad edilməsində yaxından iştirak ediblər. Ümummilli Lider Heydər Əliyev ideyalarına əbədi sadiqlik göstəricisi nümayiş etdirən Azərbaycan Polisi, bu gün də Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək öz xidmətini layiqincə yerinə yetirir. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı,onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
İcra başçısı bir daha peşə bayramları münasibətilə rayon Polis şöbəsinin kollektivini təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.
Cəlilabad Rayon Prokuroru Vahid Məmmədov və digərləri çıxış edərək Azərbaycan Polisinin qazandığı uğurlardan danışıb, təbriklərini çatdırdılar.
Sonda bir qrup polis əməkdaşına rayonda ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə fərqləndiklərinə görə fəxri fərmanlar təqdim olundu.
Bütün Polis işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayırıq.