Cəlilabadda heyvanlar tələf olur, qurumlar isə məsuliyyəti bir-birinin üzərinə atır

Cəlilabadda heyvanlar tələf olur, qurumlar isə məsuliyyəti bir-birinin üzərinə atır

Cəlilabadın Babalı kəndində xırdabuynuzlu heyvanlar tələf olur – Fermer kömək istəyir, qurumlar isə məsuliyyəti bir-birinin üzərinə atır

Cəlilabad rayonunun Babalı kəndində fəaliyyət göstərən yerli bir fermerin təsərrüfatında xırdabuynuzlu heyvanlar kütləvi şəkildə xəstələnib və tələf olub. Məlumata görə, bu günə qədər 3 heyvan ölüb, 2-si isə ağır vəziyyətdədir. Fermer vəziyyətin araşdırılması üçün rayonun aidiyyəti qurumlarına müraciət etsə də, problemin həlli ilə bağlı ciddi tədbir görülməyib.

Zərərçəkən şəxsin sözlərinə görə, o, Cəlilabad Rayon Baytarlıq Şöbəsinə dəfələrlə müraciət edərək xəstəliyin səbəbinin müəyyən olunması üçün analiz götürülməsini istəyib. Lakin şöbə əməkdaşları bu məsələ ilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məşğul olduğunu bildirərək, məsuliyyətdən yayınmağa çalışıblar.

 “Deyirlər ki, vətəndaş AQTA-ya müraciət etməlidir, onlar da nə vaxt ürəkləri istəsə, onda gələcəklər. O vaxta qədər heyvanlar da qırılıb qurtaracaq. Bəs bu müddətdə kəndli neyləsin? Əgər siz xalqa xidmət etmirsinizsə, o ölən heyvanların leşini kimə verək?” – deyə fermer narazılığını bildirib.

Vətəndaşın bildirdiyinə görə AQTA ilə əlaqə saxlayıb və agentlikdən bildiriblər ki, heyvan öləndən sonra analiz götürə bilərik. 

Hadisə ilə bağlı yerli icra və nəzarət orqanlarının da məsələyə biganə yanaşdığı iddia olunur. Fermerlər bu cür münasibətin kənd təsərrüfatı ilə məşğul olan əhali üçün həm maddi, həm də mənəvi zərbə olduğunu bildirirlər.

Birxeber.az olaraq məsələ ilə bağlı Cəlilabad Rayon Baytarlıq Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlamağa çalışırıq. Hər iki qurumun rəsmi mövqeyini işıqlandırmağa hazırıq.