Cəlilabadda dağlıq ərazidə baş verən yanğınla mübarizə davam edir – əraziyə helikopterlər cəlb olundu

Cəlilabadda dağlıq ərazidə baş verən yanğınla mübarizə davam edir – əraziyə helikopterlər cəlb olundu

Birxeber.az xəbər verir ki, Cəlilabad rayonunun Zopun kəndi istiqamətində yerləşən dağlıq ərazidə güclü yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra Nazirliyin müvafiq qüvvələri hadisə yerinə yönəldilib.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, alovun daha geniş sahəyə yayılmasının qarşısını almaq və yanğınsöndürmə işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, həmçinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvələri və texnikası cəlb olunub.

Hazırda dağlıq və meşəlik relyefdə yanğının söndürülməsi üçün intensiv iş aparılır. Qabaqlayıcı tədbirlər görülür ki, alov yaxınlıqdakı digər ərazilərə keçməsin.

Məlumata görə, yanğınla mübarizə işləri gecə saatlarında da davam etdiriləcək. Hadisənin miqyası və səbəbləri ilə bağlı əlavə rəsmi açıqlamaların veriləcəyi gözlənilir.