Azərbaycan çempionu Kanadada futbol akademiyası açıb

Azərbaycan çempionu Kanadada futbol akademiyası açıb

Kanadanın Toronto şəhərində mənə məxsus olan futbol akademiyasında çalışıram.

Bu sözləri “Birxeber.Az”a açıqlamasında 2014/2015 mövsümündə “Xəzər adaları” futzal komandasında baş məşqçi kimi Azərbaycan çempionu olan Elnur Qəmbərov deyib.

8 il öncə Kanadaya köçən futzal üzrə Azərbaycan millisinin sabiq üzvü işlərinin qaydasında getdiyini bildirib: “Təxminən 52 tələbəsi olan futbol məktəbimiz var. Akademiyada 4 yaşdan, 13 yaşa qədər olan uşaqlar futbolun sirrlərini öyrənirlər. Bundan başqa, Kanadanın gənclərdən ibarət millisində də fəaliyyətimi davam etdirirəm. Mayda Paraqvay, dekabrda isə Braziliyada futzal yarışlarına qatılacağıq".

“Xəzər adaları”nda çalışdığı illəri unutmadığını dilə gətirən mütəxəssis klubun fəaliyyətini dayandırdıqdan sonra çox əziyyət çəkdiyini söyləyib: “Komanda dağıldıqdan sonra 1 il işsiz qaldım. Azərbaycanın futzal və futbol federasiyalarından təkliflər gözlədim. Müəyyən vaxtlarda müraciətlər ünvanlasam da, bir nəticəsi olmadı”.

Öz üzərində daim çalışdığını söyləyən E.Qəmbərov Azərbaycanın futzal millisindən dəvət gözlədiyini gizlətməyib: “Əvvəllər Barselona və Moskva şəhərlərində bir neçə kurslara qatılmışam. Hər zaman öyrənməyə üstünlük verirəm. Futzal üzrə milli komandamızın sabiq oyunçusu kimi öz ölkəmdə çalışmaq istəyirəm. Təmiz ürəkdən deyə bilərəm ki, bunu həsrətlə gözləyirəm. Amma fikrimcə, Zaur Axundov Azərbaycan Futzal Federasiyanın prezidenti olduğu müddətdə bu mümkün olmayacaq. Çünki onlar məni axtarmırlar. Kanada millisində işə düzəldikdən sonra zəng edib, təbrik də etmədilər".