Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb

Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı.
Birxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 32-ci “Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, 15 iyulda baş verən “Darbe” cəhdindən sonra Türkiyə terrorla mübarizədə yeni bir mexanizm yaratdı:
“Terrorun qarşısına keçdik. İttifaq ortağımız Dövlət Bağçalının da çağırışı ilə “Terrorsuz Türkiyə” üçün ciddi addımlar atdıq. Çox həssas və təmkinli bir prosesi idarə etdik. Dünən PKK terror təşkilatı aldığı qərarı həyata keçirərək silahlarını təhvil verdi”.
R.T.Ərdoğan vurğulayıb ki, bu gündən etibarən yeni tarixi səhifə açılıb və Türkiyə üçün yüz ilinin qapıları aralanıb.
Prezident bildirib ki, Türkiyə terroru sonlandırmaq üçün hər bir şey edib:
“Hər kəs əmin olsun ki, Türkiyənin qüruruna heç kim toxuna bilməz. Cənab Dövlət Baxçalı və onun heyətinin vətənpərvərliyini sorğulamaq heç kimin həddinə deyil və ola da bilməz. Dövlət Baxçalı ilə birlikdə terrorsuz Türkiyə üçün canımızı ortaya qoymuşuq. Addımlarımız ancaq Türkiyənin xeyrinə hesablanıb. Türkiyəyə qarşı yönələn şeylərin qarşısında isə həmişə bizi görəcəksiniz. Nə ediriksə, millətimiz, istiqlalımız üçündür”.