Abdulkadir Uraloğlu: “Türkiyə ilə Bolqarıstan arasında ikinci dəmir yolu Orta Dəhlizin potensialını artıracaq”

Abdulkadir Uraloğlu: “Türkiyə ilə Bolqarıstan arasında ikinci dəmir yolu Orta Dəhlizin potensialını artıracaq”

Türkiyə ilə Bolqarıstan arasında ikinci dəmir yolunun tikintisi Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) potensialını artıracaq.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Dünya Bankının “Orta dəhlizin Ticarət və Logistika Potensialının reallaşdırılması” adlı videokonfransında deyib.

Nazir A.Uraloğlu vurğulayıb ki, Bolqarıstan dəmir yollarının artan potensialını nəzərə alaraq, Türkiyə və Bolqarıstan ikinci dəmir yolunun yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar. Onun sayəsində şərqdən qərbə yük daşıma qabiliyyəti artacaq, eləcə də Orta Dəhlizin dəmir yolu potensialına da mühüm töhfə verəcək.

Türkiyəli nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun davamı olan “Divriği-Qars” dəmir yolunun yenidən qurulması layihəsi çərçivəsində mövcud dəmir yolu infrastrukturunun modernləşdirilməsi şərqlə qərb arasında əlaqəni gücləndirəcək və bu istiqamətin imkanlarını artıracaq.

Nazir həmçinin əlavə edib ki, Türkiyənin şərqində Zəngəzur dəhlizini Türkiyənin milli dəmir yolu şəbəkəsi ilə birləşdirəcək yeni dəmir yolu çəkiləcək: “Bu yol Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə, nəhayət, Orta Dəhlizi formalaşdıracaq”.

A.Uraloğlu vurğulayıb ki, şərqlə qərb arasında mühüm körpü rolunu oynayan Orta Dəhliz Mərkəzi Asiya və Qafqaz ölkələri, hətta Yaxın Şərq ölkələri üçün unikal iqtisadi inkişaf perspektivləri daşıyır: “Dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri arasında yük axınlarını artırmaqla yanaşı, onların qlobal ticarətə çıxış nöqtələrini şaxələndiriləcək. Türkiyə Orta Dəhlizin inkişafı və gücləndirilməsinə sadiq qalır. Region ölkələri arasında ticarət və əməkdaşlığın artırılması üçün səylər göstərir”.

O əlavə edib ki, Türkiyədə 2053-cü ilə qədər dəmir yolu ilə yükdaşımaların payının müxtəlif nəqliyyat növləri ilə yükdaşımaların ümumi həcmində 22 %-ə çatdırılması planlaşdırılır: “Bununla əlaqədar olaraq, biz yüklərin bir hissəsini avtomobil nəqliyyatından dəmir yoluna keçirəcəyik və Orta Dəhliz üzrə yüklərin konteyner daşınması üçün lazım olan əlavə tutumu təmin edəcəyik”.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut üzrə vahid tarif yaradılıb və “bir pəncərə” prinsipi tətbiq edilir.