Kənan Qasımov: "İƏT dövlətləri ilə birgə turizm layihələri icra edilməlidir"

Kənan Qasımov: "İƏT dövlətləri ilə birgə turizm layihələri icra edilməlidir"

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərlə birgə turizm sahəsində layihələrin icrası vacibdir.

"Birxeber.Az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu gün Bakıda keçirilən "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu"nda deyib.

O bildirib ki, birgə əməkdaşlıq bu sahədə fəaliyyətə mühüm töhfə olacaq: "Dövlət Turizm Agentliyi olaraq Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində mühüm işlər görülür. Bu sektor üzrə ölkədə fəaliyyət göstərən qurumlara dəstək oluruq.

Bakı artıq bir sıra ölkələrin vətəndaşlarının sevimli turizm şəhərinə çevrilir. Ümid edirəm ki, İƏT ölkələri ilə də birgə buna nail olacağıq".

Qeyd edək ki, tədbirdə İƏT-in 9 üzv dövlətinin turizm üzrə aidiyyəti dövlət qurumlarının rəsmi nümayəndələri və turizm sənayesi nümayəndələri iştirak edir.