İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək

İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək

Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən İkinci Dünya müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Birxeber.Az-ya verilən xəbərə görə, Sərəncam ümumilikdə 3 minə yaxın şəxsə şamil olunacaq:

“Onlardan 30-u İkinci Dünya müharibəsinin iştirakçısıdır”.

Bildirilib ki, birdəfəlik maddi yardım Sərəncamda nəzərdə tutulmuş şəxslərin bank hesabına köçürüləcək.

Qeyd edək ki, Sərəncama əsasən, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 min manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.