"TuranBank" ADB ilə ticarətin maliyyələşdirilməsi üzrə saziş imzalayıb

"TuranBank" ADB ilə ticarətin maliyyələşdirilməsi üzrə saziş imzalayıb

Ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC və Asiya İnkişaf Bankı (ADB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb.

Sənəd çərçivəsində ADB “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı”na (TSCFP) "TuranBank"ı daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Bu saziş ölkədə idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan verəcək.

"Biz TSCFP-nin Azərbaycanda "TuranBank"la əlaqələr qurduğunu görməkdən şadıq. ADB qlobal ticarət, iş yerinin artımı, iqtisadi inkişafı dəstəkləmək öhdəliyinə sadiqdir. Bu tərəfdaşlıq Azərbaycanda təchizat zənciri, ərzaq təhlükəsizliyi üçün çox vacibdir", - ADB-nin Azərbaycan üzrə direktoru Candice McDeigan bildirib.

"Saziş beynəlxalq maliyyə təşkilatlarının Bankımıza inamının daha bir mühüm göstəricisidir, ölkəmizdə sahibkarlara beynəlxalq ticarət fəaliyyətini asanlaşdırmaq, onların idxal və ixrac imkanlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin etmək məqsədilə nəzərdə tutulub. Əminəm ki, əməkdaşlığımız Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoruna, həmçinin xarici ticarətin inkişafına öz töhfəsini verəcək", - "TuranBank"ın İdarə Heyətinin sədri Fəzail Musayev qeyd edib.

ADB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. ADB 1966-cı ildə yaradılıb. 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank daim inkişaf yolunu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub. "TuranBank" Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi veb səhifəsini və yaxud sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

"TuranBank"

Bizimlə etibarlıdır ...