Rusiyada avtobusla yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb - YENİLƏNİB
"Pavlovski rayonunda baş vermiş qəza nəticəsində avtobusun 8 sərnişini xəsarət alıb. Onlardan ikisi azyaşlı olub", - məlumatda deyilir.
APA TASS-a istinadən xəbər verir ki, bundan əvvəl altı nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, iki sərnişin və avtobusun sürücüsü, həmçinin yük maşınının sürücüsü və sərnişini olmaqla 5 nəfər həlak olub.
***
11:57
Moskvadan Nalçikə gedən sərnişin avtobusu Krasnodar diyarında magistral yolda yük maşını ilə toqquşub.
APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Yanvarın 28-də saat 03:02-də Pavlovski rayon EDTX-nin əməliyyat növbətçisinə məlumat daxil olub ki, rayonun Novuleşkovskaya kəndi ərazisində, P-217 avtomobil yolunun 15-ci km-də Moskva – Nalçikə yollanan Neoplan sərnişin avtobusu və Hyundai yük maşınının iştirakı ilə qəza baş verib.
Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan 5 nəfər ölüb”, - deyə məlumatda bildirilir.
Zərərçəkənlər Pavlovsk vilayətinin tibb müəssisələrinə göndərilib. Qəzanın nəticələrinin aradan qaldırılmasında 27 nəfər və 11 texnika iştirak edir.