Şimali Koreya 2024-cü ildə bir neçə kəşfiyyat peyki buraxacaq

Şimali Koreya 2024-cü ildə bir neçə kəşfiyyat peyki buraxacaq

Şimali Koreya kosmik texnologiyanın inkişafı üçün səylərini davam etdirmək niyyətindədir və bu il bir neçə kəşfiyyat peykini buraxmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu Koreya Mərkəzi Xəbər Agentliyinə müsahibəsində Dövlət Kosmik Administrasiyasının direktor müavini Park Kyon Su deyib.

Onun sözlərinə görə, kosmik sənayenin inkişafı KXDR üçün çox vacibdir, çünki bu, qüdrətli dövlət yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir.

"Şimali Koreya mühəndisləri və alimləri öz bacarıqları sayəsində böyük tədqiqat layihələrində irəliləyişə nail ola biliblər".

Qeyd edək ki, Şimali Koreyanın ilk “Malligön-1” kəşfiyyat peyki ötən il noyabrın 21-də saat 22:42-də (Bakı vaxtı ilə 17:42-də) Soxe kosmodromundan buraxılıb.

Sınaq əməliyyatı çərçivəsində peyk Ağ Evin, Pentaqonun, həmçinin ABŞ, Cənubi Koreya və Yaponiyadakı bəzi hərbi obyektlərin görüntülərini ötürüb.