Ankarada Ruanda soyqırımı qurbanlarının xatirəsi anılıb

Ankarada Ruanda soyqırımı qurbanlarının xatirəsi anılıb

Ruandanın Türkiyənin paytaxtı Ankaradakı səfiri, (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqanın ev sahibliyi ilə Ruanda soyqırımının 30 illiyini anım mərasimi keçirilib.

“Birxeber.Az”un Ankara Bürosunun xəbərinə görə, mərasimə Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi və Cənubi Afrika üzrə baş direktoru səfir Elif Çomoğlu Ülgen, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Türkiyə nümayəndəsi Mariam Xan, Cibutinin Ankaradakı səfiri Əbdillahi Aden Hüse, Cənubi Afrikanın Türkiyədəki səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Dipuo Berta Letsatsi-Dubau, xarici ölkələrin diplomatik nümayəndəliklərinin üzvləri, Ankarada yaşayan ruandalılar və çoxlu sayda qonaq qatılıblar.

Ruandanın Dövlət himninin oxunması ilə başlayan mərasimdə həyatını itirənlər üçün şamlar yandırılıb, musiqili konsert və hadisə şahidlərinin iştirakı ilə soyqırımdan bəhs edən videoçarx nümayiş olunub.

Çarlz Kayonqan, Elif Çomoğlu Ülgen, Mariam Xan və digər çıxışçılar Ruandadakı 1994-cü ilin aprelin 7-dən başlayaraq 100 gün davam edən soyqırımı faktında Hutu hökumətinin hazırladığı ekstremistləri tərəfindən Tutsi icmasının soyqırımına məruz qalma faktını xatırladaraq hadisəni qınayıblar.

Qeyd edək ki, Ruanda soyqırımında 800 mindən çox tutsi qətlə yetirilib. Soyqırım Ruandanın Hutu hökuməti tərəfindən planlaşdılırıb. Kütləvi qətllər 1990-cı ildən tutsilərin dəstəklədiyi Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu hökuməti arasında başlayaraq vətəndaş müharibəsi çərçivəsində baş verib.

Fransa Ruanda soyqırımına görə ən çox məsuliyyət daşıyan ölkə hesab edilir, çünki o dövrdə soyqırımını törədən Hutu hökumətinin ən yaxın dostu və dəstəkçisi olub. ABŞ, Böyük Britaniya, Belçika və BMT bu qanlı hadisələrə laqeyd qaldıqlarına görə tənqid olunurlar. Bundan başqa Belçika tərəflər arasında irqi ayrı-seçkilik siyasətini yürütməkdə də ittiham edilir.