“Euronews”: XI Qlobal Bakı Forumu - ümumi problemlərin həlli üçün platforma

“Euronews”: XI Qlobal Bakı Forumu - ümumi problemlərin həlli üçün platforma

Dünya liderləri və siyasətçiləri Azərbaycanda keçirilən XI Qlobal Bakı Forumunda ümumi problemləri müzakirə etmək üçün toplaşmışdılar.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Euronews”un tədbirdən hazırladığı süjetdə bildirilib.

Qeyd olunub ki, hazırkı və keçmiş liderlər bu platforma çərçivəsində həmrəylik, bərabərlik və inklüzivlik prinsiplərinə əsaslanaraq fikir mübadiləsi aparmaq və qlobal problemlərin həlli yollarını tapmaq üçün görüşüblər.

Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin 4 indiki və 40-dan çox keçmiş prezident və baş naziri salamladığı vurğulanıb. “Ötən ilin martında müzakirə etdiyimizlə müqayisədə bu gün biz görürük ki, ciddi dəyişikliklər, geosiyasi dəyişikliklər baş verib”, - o deyib.

Azərbaycan liderinin fikrini Albaniya Prezidenti Bayram Beqay da dəstəkləyib və qlobal çağırışlara “vahid cavab” verilməsi ilə bağlı çağırış edib: “Həqiqətən, misli görünməmiş bir dövrdə yaşayırıq. Çox şey baş verir. Siyasi qeyri-sabitlik, iqtisadi bərabərsizlik, iqlim dəyişikliyi, sağlamlıq problemləri müşahidə olunur. Təbii ki, təhsil sahəsini də vurğulamaq lazımdır. Bizdə sosial ədalətsizlik var. Amma üzləşdiyimiz bu problemləri təkbaşına həll etmək olmaz”, - o bildirib.

“Euronews” diqqəti tədbirin mövzusuna (“Parçalanmış dünyanın bərpası”) yönəldib, builki forumda köhnəlmiş institutların modernləşdirilməsi və qlobal idarəçiliyə çağırışların yer aldığını vurğulayıb.

Materialda həmçinin o da qeyd olunub ki, XI Qlobal Bakı Forumu zamanı dünyanın müxtəlif yerlərində qlobal münaqişələrə dair ətraflı müzakirələr aparılıb və bu dialoq zamanı Albaniya Prezidenti Bayram Beqay deyib: “Sülh əvəzsizdir. Qitəmizdə daha çox təhlükəsizlik təmin etmək qabiliyyətimizi artırmaq üçün əlimizdən gələni edə bilərik. Mən özüm çox kövrək regiondan gəlmişəm və Ukraynadakı müharibə ilə bağlı vəziyyət oradakı insanları əməkdaşlıq və dialoq haqqında daha çox düşünməyə vadar edir”.

Forumun digər iştirakçısı, Avropa Mərkəzi Bankının keçmiş prezidenti Jan-Klod Trişe qeyd edib ki, son 70 ildə dünya kəskin şəkildə dəyişib və biz hələ də sanki o dövrdə yaşayırıq.

Bundan əlavə, tədbirdə süni intellekt, innovasiyalar və qlobal sağlamlıq problemləri kimi mühüm mövzular da müzakirə olunub.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Najat Moxtar “Euronews”a açıqlamasında bildirib ki, dünyanın resurslara, məlumatlara, bir də informasiyaya ehtiyacı var.

BMT Baş katibinin müavini, BMT-nin HİV/AİDS üzrə Birgə Proqramının icraçı direktoru Vinni Byanyima isə “Euronews”a deyib ki, indi ölkə iqtisadiyyatları bir-biri ilə bağlıdır, aşağı gəlirli ölkələr borc içində boğulur, xalqının sağlamlığını, uşaqlarının təhsilini maddi cəhətdən qarşılaya bilmir, borcların sürətli restrukturizasiyasına nail olmaq və ölkəni ayağa qaldırmaq üçün heç bir sistem mövcud deyil. Onun fikrincə, bütün bu problemlər yalnız qlobal səviyyədə həll edilə bilər.

Xatırladaq ki, “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 14-dən 16-dək keçirilib. Tədbirdə çox sayda ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, ümumilikdə 70-dən çox ölkədən 350-dən çox qonaq iştirak edib.