Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi idarələrində “Bələdiyyə günləri” keçiriləcək

Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi idarələrində “Bələdiyyə günləri” keçiriləcək

Bələdiyyə torpaqlarının ayrılması və sənədləşdirilməsinə dair mövcud problemlərin müzakirəsi aktual məsələlərdən biridir.

“Report”un məlumatın görə bunu Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) əlaqələndirici koordinatoru Aydın Muradov “Bələdiyyə mülkiyyətinin tanıdılması sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda tədbirdə deyilib.

ABMA təşkilatçılığı ilə keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX), Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının əməkdaşları, həmçinin Bakı və regionlardan dəvət olunmuş bələdiyyə və QHT sədrləri iştirak ediblər.

A.Muradov qeyd edib ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları mütəmadi olaraq bələdiyyələrlə qarşılıqlı fəaliyyətdə olarkən yerlərdən bu istiqamətdə çoxsaylı problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər olur.

Əmlak Məsələləri Dövlət Xidmətindən gələn nümayəndə heyətinin rəhbəri, şöbə müdiri İlqar Həbiyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi İsrafil Mustafayev, bələdiyyə sədrləri, QHT nümayəndələri və digər iştirakçılar mövzu ətrafında əhatəli müzakirələr apararaq mövcud problemləri təhlil etdilər, onların aradan qaldırılması yollarının araşdırılması istiqamətində təkliflər səsləndirdilər.

İ.Həbiyev məlumat verərək bildirdi ki, mövcud problemlərin həlli məqsədi ilə bələdiyyələrə göstərilən xidmətlərin elektronlaşdırılması və bələdiyyə əmlakının tanıdılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hazırda ƏMDX-də müvafiq tədbirlər görülməkdədir.

Həmçinin bələdiyyələrlə əməkdaşlığın daha da artırılması məqsədi ilə müvafiq ərazi idarələrində “Bələdiyyə günləri”nin keçirilməsi nəzərdə tutulur.

Sonda bu istiqamətdə tədbirlərin davam etdirilməsi, qarşılıqlı əməkdaşlığın inkişafı, ABMA-nın təşəbbüsü ilə koordinasiyalı fəaliyyətin qurulması üçün işçi qrupun yaradılması, bələdiyyələrin qarşılaşdıqları problemlərin yerində araşdırılması və qısa müddətdə həll olunması prioritet məsələ kimi qarşıya qoyuldu.