Nyu-York metrosunda cinayət hadisələrinin sayı artıb

Nyu-York metrosunda cinayət hadisələrinin sayı artıb

Son vaxtlar ABŞ-nin Nyu-York şəhərinin metrosunda baş verən cinayət hadisələrinin, sərnişinlərə və sürücülərə qarşı törədilən hücumların qarşısının alınması məqsədilə metrostansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib.

"Birxeber.Az"un ABŞ bürosu xəbər verir ki, bununla əlaqədar şəhər meriyası ştatın milli qvardiyasının 750 əsgərini Nyu-York polisinə kömək üçün səfərbər edib.

Belə ki, şəhərin metro sistemindəki ən işlək stansiyalarda sərnişinlərin çantaları yoxlanılır, şübhəli görünən şəxlər saxlanılaraq kimlik nəzarətindən keçirlər.

Nyu-York Polis Departamentinin zabitləri metro turniketlərinin yaxınlığında qurulan masalarda sərnişinlərin çantalarında axtarış edir, polis itləri ilə bərabər metrostansiyalarda nəzarət həyata keçirirlər.

Şəhər qubernatoru Kathi Hocul bildirib ki, şəhərin mürəkkəb sistemli metro nəqliyyatında baş verən cinayət hadisələrinin qarşısının alınması üçün əlavə 250 zabit də təhlükəsizlik tədbirlərinə cəlb olunacaq. Şəhər rəsmisi sınaqdan keçirilən təcrübənin psixoloji təsirinin olacağını və nəticə verəcəyinə inandığını bildirib.

Nyu-York Polis Departamentinin məlumatına görə, bu ilin fevral ayında metroda 38 soyğunçuluq və cibgirlik olmaqla 70 oğurluq hadisəsi baş verib və 35 hücum qeydə alınıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqaisədə xeyli çoxdur.