Yeni qanun keyfiyyətli bələdiyyə institutunun formalaşdırılmasına xidmət edəcək - RƏY

Yeni qanun keyfiyyətli bələdiyyə institutunun formalaşdırılmasına xidmət edəcək - RƏY

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Emin Hacıyev parlamentə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul olunmasının bələdiyyə institutunun formalaşdırılmasına xidmət edəcəyini bildirib.

Deputat “Report”a açıqlamasında qeyd edib ki, yeni qanunla əhalisi 3000-dən az olan kəndlərin bələdiyyələri birləşdiriləcək.

Parlamentari xatırladıb ki, Azərbaycanda iki dəfə bu sahədə islahatlar həyata keçirilib və bələdiyyələrin sayı azaldılaraq 1606-a endirilib: "Bu islahatlar öz müsbət nəticəsini versə də, keyfiyyətli bələdiyyə institutunun formalaşdırılması üçün yeni tənzimləmələrə ehtiyac yaranıb. Nəzərə alsaq ki, ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələrin əksəriyyətini kiçik kənd bələdiyyələri təşkil edir və onların maliyyə vəziyyəti qənaətbəxş deyil. Bu da bələdiyyələrin səmərəli fəaliyyət göstərməsinin qarşısını alır”.

E.Hacıyevin fikrincə, yeni qanun layihəsi yerli özünüidarəetmə sahəsində problemlərin həllinə gətirib çıxaracaq: “Bu səbəbdən layihə çox təqdirəlayiqdir. Bələdiyyələrin birləşdirilməsi və sayının azaldılması nəticəsində onlara ayrılan maliyyə vəsaiti də artmış olacaq. Bu isə bələdiyyələrin yerli əhəmiyyətli sosial-iqtisadi problemlərin həllində daha keyfiyyətli fəaliyyətinə, vətəndaş etimadının və bələdiyyələrin nüfuzunun artırılmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Digər bir dəyişikliklə isə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılacaq.